Qənirə Paşayeva “Türk dünyasına xidmət mükafatı”na layiq görüldü  - FOTO

Ankarada 10-cu Beynəlxalq Türksoyla İpekyolu Dərgisi tərəfindən "İlin Altın Adamları" mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mükafatlandırılanlar arasında millət vəkili Qənirə Paşayeva da var. Millət vəkili Q.Paşayeva "Türk dünyasına xidmət mükafatı"na layiq görülüb.

Türkiyə ilə yanaşı, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Makedoniya başda olmaqla, çoxlu sayda ölkələrdən qonaqların qatıldığı mükafatlandırma mərasimini açan Türksoyla İpekyolu Dərgisi və Proqramı Genel Yayın yönətməni Seyfullah Türksoy bildirib ki, son 10 ildə həyata keçirilən İpekyolu İlin Altın Adamları mükafatlandırma mərasimi daha öncə İstanbulda təşkil edilirdi, bu il ilk dəfə olaraq Ankarada gerçəkləşdirilir. S.Türksoy hər il Türkiyədən və digər ölkələrdən dövlət adamlarının, siyasətçilərin, iş adamlarının, sənətçilərinin, aydınların, yazarların iştirakı ilə gerçəkləşən İpekyolu ödül mərasimində bu il də xaricdən qonaqların iştirak etdiyini qeyd edib və Türksoyun məqsədinin "Dildə, Fikirdə və İşdə Birlik" fikrini rəhbər tutub uğurlu xidmətləri təşviq etmək olduğunu bildirib.

Mükafatlandırılanlar arasında Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ, Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, Makedoniyanın dövlət naziri Hadi Nezir, Avropa Şurasında Türkiyə parlament heyətinin rəhbəri Mövlud Çavuşoğlu, AK Partinin Baş katibi Haluk İpek, TBMM-nin İstanbul millət vəkili İsmail Safi, Rusiya Parlamentinin Başqırdıstandan olan millət vəkili Zöhrə Rəhmatullina, Samsun böyükşehir bələdiyyə sədri Yusuf Ziya Yılmaz, THY idarə heyətinin rəhbəri Hamdi Topçu, Tuzla bələdiyyə sədri Şadi Yazıcı, Keçiören bələdiyyə sədri Mustafa AK, Qars bələdiyyə sədri Nevzat Bozkuş və başqaları var.

Millət vəkili Q.Paşayevaya mükafatı təqdim edən AK Partinin baş katibi, millət vəkili, Türkiyə-Qazaxıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Haluk İpək onun fəaliyyəti ilə xeyli zamandır tanış olduğunu və bu mükafatı almağa haqqı çatan bir millət vəkili, aydın olduğunu deyib. Qənirə Paşayevanın Türk dünyası istiqamətində fəaliyyəti ilə bağlı xoş fikirlərini söyləyən Haluk İpək Azərbaycan haqqında da özünün müsbət fikirlərini qeyd edib.

Mərasimdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu ödülün onun üçün çox böyük dəyər daşıdığını söyləyib və təşkilatçılara təşəkkür edib. Çıxışına "Mən harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir Türkün vətəni sayılan gözəl Azərbaycan və Azərbaycan xalqının dünyanın bir çox yerlərindən bu mərasimə qatılmış bütün bacı-qardaşlarımıza salam və sevgilərini çatdırıram "- deyən, millət vəkili Qənirə Paşayeva bildirib ki, o bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayqı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Eyni zamanda bu gündə özünün bu istiqamətdə fəaliyyəti ilə Türk dünyasına böyük xidmətlər göstərən və bununla da Türk insanına örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını hörmətlə qeyd edərək alır.

Millət vəkili vurğulayıb ki, harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Türk dünyasının güclənməsi, birliyinin, həmrəylinin möhkəmlənməsi üçün yorulmadan çalışmalıdır: "Bizim birimizin gücümüz və güclənməmiz hamımızın gücü və güclənməsi deməkdir. Türkiyənin gücü və güclənməsi Azərbaycanın və digər türk kökənli dövlətlərimizin və toplumlarımızın gücü və güclənməsi, Azərbaycanın gücü və güclənməsi isə Türkiyənin və digər türk kökənli dövlətlirmizin və toplumlarımızın gücü və güclənməsi deməkdir." Azərbaycanın Türk dünyasının güclənməsi, birliyi və bərabərliyi istiqamətində gördüyü işlərdən danışan millət vəkili Qənirə Paşayeva bildirib: "Sovet işğalı altında yaşadığımız dönəmlərdə bu gün Ankarada bu tarixi binada Türk dünyasına xidmət mükafatı ala biləcəyimizi nə mən, nə də sovet işğalı altında yaşamış və bu gün mükafat alanlar sırasında olan digər bacı-qardaşlarımız inana bilməzdik. Amma Türk milləti çox xəyalları gerçəyə çevirən böyük bir millətdir. Mən əminəm ki, Türk dünyası, onun birliyi və bərabərliyi getdikcə daha da güclənəcək və biz hamımız bunun üçün əlimizdən gələni etməliyik. Birimizin ağrımız, acımız, hamımızın ağrısı, acısı, birimizin sevinci və xoşbəxtliyi, hamımızın sevinci və xoşbəxtliyi olmalıdır. Bu mükafatı alanların üzərinə təşkilatçıların həm də böyük bir məsuliyyət də qoyduqlarını deyən millət vəkili Qənirə Paşayeva mükafatı verən Beynəlxalq Türksoyla İpekyolu Dərgisi təşkilatının Türk dünyasının birliyi və bərabərliyi üçün əlindən gələni etdiyini vurğulayaraq, bu mükafatı onların təsis etməyə mənəvi haqlarının olduğunu da vurğulayıb və təşəkkür edib. Millət vəkili çıxışında Qarabağ probleminə xüsusi toxunub: "Mən bilirəm ki, bizim hamımız üçün Azərbaycan torpaqlarının, bizim və sizin vətəninizin 20%-nin Ermənistanın işğalı altında olması ciddi narahat edir, üzür, kədərləndirir. Mən bilirəm ki, bu mükafatı təsis edənlərin, Türk dünyası sevdalısı qardaş-bacılarımız Haluk İpək, Seyfullah Türksoy və burada iştirak edən bütün Türk dünyası sevdalısı dəyərli nazir, millət vəkili, aydın, sənətçi qardaş-bacılarımız başda olmaqla, bizim hamımızın ən böyük arzusu, istəyidir ki, gələn il bu mükafatlandırma mərasimini birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndimizdə, Xocalımızda, Şuşamızda və digər cənnət bölgələrimizdə keçirək. Mən əminəm ki, o gün uzaqda deyil və biz birlikdə buna nail olacağıq. Mən sizə də, özümə də, bütün millətimizə də bu xoşbəxtliyi yaşamağı arzulayıram. İnşallah, Qarabağda görüşənədək!"

Bütün xəbərlər Facebook səhifəmizdə