Hadı Rəcəbli: \"Qayıdış prossesi uzaqda deyil və buna hazır olmalıyıq\" - MÖVQE

"Qayıdış və yenidən məskunlaşma" mövzusunda dinləmələr keçirilir


Bu gün Milli Məclisdə qaçqın və məcburi köçkünlərin qayıdışı, yenidən məskunlaşması müzakirəyə çıxarılıb. Milli Məclisin Sosial Siyasət və İnsan hüquqları komitəsinin birgə iclasında "Qayıdış və yenidən məskunlaşma" mövzusunda dinləmələr keçirilir. SİA-nın xəbərinə görə, dinləmələrdə parlamentin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qaçqın və məcburi köçkünlərin geri dönməsi ilə bağlı hüquqi bazanın yaradılması vacib məsələdir.


"Qaçqın və köçkünlərin uşaqlarının artıq övladı dünyaya gəlib. Biz uşaqları qayıdış uçun hazırlamalıyıq", - deyə H.Rəcəbli qeyd edib.


Onun sözlərinə görə, ABŞ Dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinin yekunları bir daha sübut etdi ki, Dağlıq Qarabağ probleminin həlli yaxındadır: "Onun Azərbaycanda etdiyi çıxış beynəlxalq təşkilatlara mesajdır. Bu qayıdış prossesi uzaqda deyil və buna hazır olmalıyıq. Biz buna indidən hazır olmalıyıq, qanunverici bazanı təkmilləşdirməliyik".


Müzakirələrdə iştirak edən Milli Məclisin vitse-spikeri Bahar Muradova isə öz çıxışında bildirib ki, Ağdam və Füzuli rayonlarının bir hissəsinə qayıdış baş verib və onu deməyə əsas verir ki, presendent var, bu sahədə artıq təcrübə də var. Bahar Muradova qayıdış və yenidən məskunlaşmanın da qanunverici bazasının yaradılmasının vacib olduğunu vurğulayıb.


Onun sözlərinə görə, qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ötən illər ərzində xeyli müzakirələr aparılıb və öz həllini tapıb: "2003-cü ildən sonra qaçqınların sosial problemlərinin həlli istiqamətində işlər görülüb. Bu məqsədlə 4,68 mlrd. manat vəsait xərclənib, bunun da 2,7 mlrd dövlət büdcəsindən ayrılıb, 1 mlrd. manat beynəlxalq təşkilatlardan, 900 mln. vəsait isə Dövlət Neft Fondundan ayrılıb".


Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev iclasda iştirak edən məcburi köçkün uşaqlara sual ünvanlayıb: "Siz ermənilərlə Qarabağda birgə yaşamağa hazırsınızmı? Bəlkə bu bir az sərt səslənə bilər, lakin Dağlıq Qarabağın sülh yolu ilə həll olunduğu təqdirdə bu məsələ gündəmə gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...