Prezident Beynəlxalq Xəzər neft, qaz sərgisinin açılışında iştirak edib - FOTOSESSİYA

Bu gün Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev açılış mərasimində iştirak edib.

Sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artıb. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam milli neft şirkəti də iştirak edir.

Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılıb. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulub. Sərgiyə olan daimi marağı sübut edən əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edir.

Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir.

Sərgi və konfransı açan Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud dövlətimizin başçısını salamlayıb.

Prezident İlham Əliyev sərgi və konfransın açılış mərasimində nitq söyləyib.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman isə Baş nazir Deyvid Kemeronun dövlətimizin başçısına təbrik məktublarını oxuyublar.

Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.

Sonra dövlətimizin başçısı fəxri qonaqlar kitabını imzalayıb.

Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə