Millət vəkili “Miras” İctimai Birliyi tərəfindən mükafatlandırılıb

Millət vəkili Qənirə Paşayeva "Miras" İctimai Birliyi tərəfindən mükafatlandırılıb. SİA-nın məlumatına görə, Türkiyənin Amasiya bölgəsində keçirilən "Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigarı" adlı beynəlxalq simpoziumda iştirak edən millət vəkili Qənirə Paşayeva Azərbaycan Türkiyə əlaqələrinin, əməkdaşlığının inkişafı istiqamətindəki fəaliyyətinə görə "Miras" İctimai Birliyi tərəfindən mükafatlandırılıb və MİRAS-ın dostu elan edilib. Millət vəkili Q.Paşayeva ilə yanaşı Amasya Universiteti rektoru Metin Orbay, Azərbaycan Kültür-Sanat və Dayanışma Dərnəyi başqanı Muttalip Ulutanrıverdi, professor İbrahim Yıldırıma da plaketləri Amasiya Universitetində keçirilən beynəlxalq simpozium çərçivəsində "Miras" İctimai Birliyinin rəhbəri Fariz Xəlilli tərəfindən təqdim edilib. "Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigarı" adlı beynəlxalq simpoziumunun əsas təşkilatçılarından biri olan "Miras" İctimai Birliyinin rəhbəri Fariz Xəlilli təqdimat mərasimində bir arzusunu da dilə gətirib. O, növbəti beynəlxalq Seyid Mir Həmzə Nigari simpoziumunun Azərbaycanda keçirilməsi təklifi ilə çıxış edib və onun bu təklifi hər kəs tərəfindən dəstəklənib. Millət vəkili Q. Paşayeva bu təklifi dəstəkləyərək bildirib ki, böyük mütəfəkkir Seyid Mir Həmzə Nigariyə həsr olunmuş simpoziumun onun doğulduğu və ömrünün bir hissəsini keçirdiyi vətəni Azərbaycanda keçirilməsi çox vacib və zəruridir. Millət vəkili bu təklifə müvafiq dövlət qurumları tərəfindən də dəstək gələcəyinə inandığını söyləməklə yanaşı bunun həyata keçməsi üçün bir millət vəkili, bir qeyri-hökumət təşkilatına rəhbərlik edən şəxs kimi əlindən gələni edəcəyini deyib: "Mən inanıram ki, ö gün uzaqda deyil və biz böyük Seyid Mir Həmzə Nigariyə həsr olunmuş simpoziumları onun doğulduğu və işğaldan azad edəcəyimiz Qarabağımızda da keçirə biləcəyik. Onun ruhunu biz o zaman şad edə biləcəyik"-deyə millət vəkili Qənirə Paşayeva təqdimat mərasimində deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə