Filipp Lefor: "ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməyəcək" - MÜNASİBƏT

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhranlı məsələlər üzrə xüsusi nümayəndəsi, səfir Filipp Lefor Yerevan Dövlət Universitetinin professor-müəllim heyətilə görüşündə bəyanatla çıxış edib. Erməni saytlarının yaydığı xəbərə görə, Lefor bildirib ki, "ATƏT-in Minsk Qrupunun formatını dəyişmək danışıqlar prosesini sıfıra endirər".


Aİ rəsmisi formatın dəyişdirilməsini böyük risk adlandırıb. O, həmçinin Fransanın həmsədrliyinin Avropa İttifaqı ilə əvəzlənəcəyi xəbərini təkzib edib:


"Aİ-də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb. Həmçinin Avropa İttifanın Fransanı əvəzləməsi məsələsilə də bağlı müzakirələr olub. Amma sizi əmin edirəm ki, bizim siyasətimiz bundan ibarət deyil".


Filipp Leforun sözlərinə görə, bu əvəzlənmə bir neçə səbəbə görə mümkün deyil. "Əvvəla, Minsk Qrupunun ATƏT tərəfindən öz mandatı var. Aİ isə ATƏT-i əvəz edə bilməz. Bundan başqa Minsk Qrupu Madrid prinsiplərinə uyğun ssenari müəyyənləşdirib. Bu formatın dəyişdirilməsi isə böyük riskdir və o, bütöv danışıqlar prosesini poza bilər", deyə diplomat bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə