Qənirə Paşayeva türk rəsmiləri ilə görüşüb - FOTO

Türk Ocaqlarının 100 illiyi çərçivəsində Ankarada keçirilən II Türk Dünyası Qadınlar Qurultayında iştirak edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin rəhbəri Qənirə Paşayeva Türk Ocaqlarının baş katibi Mehmet Öz və Türk Ocaqları Xanımlar heyətinin rəhbəri Filiz Avşar ilə görüşüb. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq sayəsində Türk Ocaqlarının 100 illiyinin Bakıda yüksək səviyyədə qeyd edildiyini bildirib.

Qənirə Paşayeva bildirib: "Türk Ocaqlarının 100 illik yubileyinin məhz Bakıdan başlayaraq qeyd edilməsi təsadüfi deyil. Türk Ocaqlarının qurulmasında böyük xidmətləri olmuş və ilk qurucuları arasında Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi Azərbaycan türklərinin böyük aydınları da olub".

Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi şərəfinə onun araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı "Əli bəy Hüseynzadə TURAN" kitabı İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində çap edilərək Türkiyədə yayılmasını yüksək qiymətləndirib.

Görüşdə Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə Türk dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu respublikalar və əslində bütün region üçün faydalı olduğuna dair fikirlərini bölüşüb. Türk Ocaqlarının 100 illik tədbirlərinin Bakıda qeyd edilməsini yüksək qiymətləndirən Türk Ocaqlarının baş katibi Mehmet Öz və Türk Ocaqları Xanımlar heyətinin rəhbəri Filiz Avşar millət vəkili Qənirə Paşayevanı öz aralarında görməkdən məmnun olduqlarını, əməkdaşlığın bundan sonra da davam edəcəyini və ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının baş katibi Mehmet Özə və Türk Ocaqları Xanımlar heyətinin rəhbəri Filiz Avşara Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım", Azərbaycanın Qarabağ icmasının üzvü Həvva Məmmədova ilə birgə yazdığı "Xocalı Soyqırımı: Şahidlərin dilindən", araşdırmaçı-yazar Azər Turanla birgə yazdığı "Əli bəy Hüseynzadə TURAN" kitablarını və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstəyi ilə hazırlanmış "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" filminin nüsxələrini təqdim edib.


Bütün xəbərlər Facebook səhifəmizdə