Prezident Kəngərli rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlib. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Kəngərli rayon sakinləri adından çıxış edən Qarabağlar kənd 2 nömrəli orta məktəbin müəlliməsi Minurə Bayramova dövlətimizin başçısına minnətdarlığını çatdırıb.

Sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsib.

Bildirilib ki, mədəniyyət evinin binası müasir görkəmi ilə diqqəti cəlb edir. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli binanın inşası zamanı milli ornamentlərdən də geniş istifadə olunub. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafı və təbliği ilə bağlı həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir. Kəngərli rayon mədəniyyət evinin inşası da mədəni irsimizin inkişafı istiqamətində bölgələrdə də xeyli işin görülməsini təsdiq edir.

Dövlətimizin başçısı binada yaradılmış şəraitlə yaxından tanış olub.

İkimərtəbəli binanın foyesində Prezident İlham Əliyevin 2010-cu ilin oktyabrında Kəngərli rayonuna səfəri ilə bağlı fotoşəkillərdən ibarət guşə yaradılmışdır. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı, 286 yerlik tamaşa zalı vardır. Burada müasir işıqlandırma sistemi və işıq effektləri yaradan xüsusi sistem quraşdırılmışdır. Binanın ikinci mərtəbəsində 6 inzibati otaq fəaliyyət göstərir. Bundan əlavə, binada dekorasiya otağı və istirahət guşəsi yaradılmışdır. Mədəniyyət evinin binası müasir havalandırma sistemi ilə təchiz olunub.

Daha sonra Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 5 hektar ərazini əhatə edən parkda əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb, dekorativ ağac və gül kolları əkilib. Burada fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilib. Maraqlı attraksionlar, əyləncəli oyunlar uşaqların istirahətinin ən yüksək səviyyədə təşkilinə imkan verir. Parkda müasir işıqlandırma və suvarma sistemləri yaradılıb. Rayonun mərkəzindəki parkın ətrafında əhaliyə xidmət edən bir sıra dövlət strukturlarının inzibati binaları və iaşə obyektləri də yerləşir.

Dövlətimizin başçısı Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirib.

Prezident İlham Əliyev həmin gün Kəngərli rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak edib, əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış olub.

Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Hərbi hissənin ərazisi ilə tanış olan Ali Baş Komandana məlumat verilib ki, qərargahın üçmərtəbəli yeni binası bütün lazımi avadanlıqla təchiz olunub. Hərbi hissənin ərazisində geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.

Dövlətimizin başçısı qərargah binasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış olub.

Sonra dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, beşmərtəbəli binada əsgərlərin istirahəti üçün hər cür şərait vardır. Birinci mərtəbədə əsgərlərin döyüş ruhunun yüksəldilməsi məqsədilə Azərbaycanın xalq qəhrəmanlarının və tarixi abidələrimizin şəkilləri nümayiş etdirilir. Burada, həmçinin silah otağı, dəftərxana və digər inzibati otaqlar yerləşir. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə isə onların yaradıcılıq nümunələri, divar qəzeti və hərbi qaydalar haqqında stendlər asılmışdır. İdeoloji otaqda isə hərbçilərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, vətənpərvərlik ruhunun artırılması məqsədilə dərslər keçirilir.

Sonra Prezident İlham Əliyev hərbi hissənin həyətində nümayiş olunan silah-sursat və hərbi texnikaya baxıb.

Daha sonra dövlətimizin başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı şəxsi heyətin gündəlik qida normasında istifadə edilən məhsullara baxıb. Qeyd olunub ki, şəxsi heyətin gündəlik qida normasında üstünlük daha çox yüksək keyfiyyətli yerli ərzaq məhsullarına verilir.

Binanın ikinci mərtəbəsindəki əsgər yeməkxanasında şəxsi heyətin yüksək kalorili qida ilə təminatı üçün hər cür şərait yaradılıb. Binada ayrıca çörək sexi, ərzaq və əşya anbarları, emalatxana, camaşırxana və qazanxana da yerləşir. Hərbi hissənin ərazisində ayrıca xəstəxana da fəaliyyət göstərir.

Hərbi hissədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə