Nizami Cəfərov: “İran-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti kifayət qədər mürəkkəbdir” - MÖVQE

İranla Azərbaycan arasında çox dərin tarixi köklərə malik dostluq münasibətlərinin olmasına baxmayaraq mürəkkəb münasibətlər də mövcuddur. Biz bütün tarix boyu bunun şahidi ola bilərik. SİA-nın xəbərinə görə, bunu Səs tv-yə açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.


Onun sözlərinə görə, İran həmişə düşünüb ki, tək Cənubi Azərbaycan yox, Şimali Azərbaycan da onun tərkib hissəsidir: "Belə bir düşüncə tərzi hətta Azərbaycan müstəqillik əldə etdikdən sonra yenə qalıb. İran dövlətinin yürütdüyü siyasət hər kəsə məlumdur. Bu siyasət artıq formalaşmış bir siyasətdir. Hesab edirəm ki, İran cəmiyyəti və əhalisinin təxminən yarı qismini təşkil edən azərbaycanlıları da bu hadisələrə qatmaq İran tərəfindən insan hüquqlarının, siyasəti mədəniyyətin pozulması kimi dəyərləndirməlidir. Biz bunun yenidən şahidi oluruq. Belə ki, Azərbaycanda keçirilmiş Beynəlxalq "Avroviziya" mahnı yarışmasında İran tərəfindən verilən çox haqsız bəyanatlar eləcə də müəyyən provakasion hadisələr buna birdaha bariz sübut idi".


Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti nə qədər çalışsa ki, İran ölkəmizin inkişafını, əldə etdiyi uğurları anlasın amma buna baxmayaraq biz bütün bunların əksini görürük: "Biz İrandan çox narazıyıq. Birincisi azərbaycanlılarla bağlı İranın siyasəti demək olar ki, anti-humanist siyasətdir. Belə ki, bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz adı çəkilən ölkədə bir növ sıxışdırılır. İran hakimiyyəti azərbaycanlıların İran dövlətinə gəlmə, eləcə də mədəniyyətcə farslardan aşağı olduğunu sübut etməyə çalışırlar. Bu da bizləri artıq incitmir, əksinə daha da qəzəbləndirir. İranın ən təhlükəli məsələsi Dağlıq Qarabağla bağlıdır. Düşünürəm ki, İran-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti kifayət qədər mürəkkəbdir. Əlbəttə ki, bu mürəkkəbliyin başında da İran hakimiyyəti dayanır. Hesab edirəm ki, bu məsələdə İran doğru yolda deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə