Respublika günü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Respublika günü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

"İRƏLI" İctimai Birliyi Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 94 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirəcək. Birlikdən SİA-ya verilən məlumata görə, ilk olaraq, "ADR haqqında bilmədiyiniz 20 fakt" adlı online aksiya keçiriləcək. Aksiyada ADR qurucuları, fəaliyyəti haqqında az məlum olan faktlar sosial şəbəkələrdə yayılacaq. Qeyd edək ki, aksiya 30 may tarixinə qədər davam edəcək.

28 may tarixində gənclər tərəfindən əhalinin sıx olan mərkəzi küçələrində ADR haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılacaq.

29 may tarixində, saat 12:00-da Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "İRƏLİ" Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə "İRƏLİ" İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində XX əsr Azərbaycan ictimai fikrinin tanınmış nümayəndəsi, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini Adil xan Ziyadxanlının nəşr edilmiş "Avropada 3 aylıq bir səyahətim" adlı kitabının təqdimetmə mərasimi və ictimai müzakirəsi keçiriləcək.

Tədbirdə millət vəkili Musa Qasımlı, Akademik Vasif Məmmədəliyev və bu sahə ilə bağlı ekspertlər, tarixçilər, elm adamları, ictimai xadimlər iştirak edəcək.

Kitab özündə xalqımızı Avropa mədəniyyətinin bütün nailiyyətləri ilə tanış edərək, cəhalətə yox deməyə və inkişaf yoluna qədəm qoymağa çağırır. Eyni zamanda XX əsrin əvvəllərindəki Azərbaycan insanın Avropadan bəhs edən ilk təsəvvürləri qeydə alınıb.

Qeyd edək ki, "İRƏLİ" Tədqiqatlar və İnkişaf Mərkəzinin dəstəyi ilə "İRƏLİ" İctimai-Siyasi Elmlər Kitabxanası layihəsi çərçivəsində "Cahiliyyət dövrünün ərəb sivilizasiyası" və "İslam nöqtəyi - nəzərindən nigah və cinsi həyat" adlı kitablar nəşr edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə