Sərraf Hüseynov: \"Müxalifət gənclərdən öz məqsədləri naminə istifadə edir\" - MÜSAHİBƏ (Səs TV)
\"Avroviziya\" müsabiqəsi ərəfəsində çirkin siyasəti ilə gündəmdə qalmağa can atan \"qrant dəllaları\" pis əməllərdən əl çəkmirlər. Ölkəmizin imicinin zədələnməsi üçün əllərindən gələni əsirgəməyən bu şəxslərin Azərbaycan vətəndaşı olmasından nə qədər utanc hissi keçirsək də, onların siyasətinin qurbanına çevrilən gənclərin doğru yola çəkilməsinə çalışmalıyıq. Bu və digər məsələlərə YAP Gənclər Birliyinin Mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynovun Səs TV-yə verdiyi müsahibəsində aydınlıq gətirməyə çalışacağıq.
- Radikal müxalifəti Azərbaycanın uğurlarına kölgə salan addımlar atmağa nə vadar edir?
- Ümumiyyətlə, mən burada ilk olaraq İctimai Palata adlanan qurumun fəaliyyətinə nəzər salmaq istəyirəm. Belə ki, əgər biz qurumun yaranma məqsədlərinə nəzər salsaq, bir sıra sualların cavabını tapmış olarıq. Azərbaycanda olan bütün müxalif qüvvələri birləşdirib tam siyasi bir güclə sivil şəkildə fəaliyyət göstərəcəyini dəfələrlə bəyan edən qurum bu günə qədər öz məqsədlərini həyata keçirmək üçün bütün üsullara əl atıb. Lakin, danılmaz bir həqiqətdir ki, İctimai Palatanın arxasında sosial dayağı olmayan təşkilatlar cəmləşmişdilər. Bu fikir dəfələrlə keçirdikləri nəticəsiz və sadəcə iflası ilə yadda qalan aksiyalarda da özünü sübut edib. Məlumdur ki, onların fəaliyyət göstərməsində maraqlı olan müxtəlif qüvvələr vardı. Ona görə də, bəlli üsullarla qurumun fəaliyyətinə nazarət edirdilər. Bu nəzarət və ayrılan qrantlar onların radikallıq göstərişlərini daha da qabartdı, olmayan vətənpərvərlik hisslərini daha da məhv etdi. Azərbaycanda baş verən müsbət proseslər isə onların diqqətindən yayınmadı. Yəni ölkəmizin belə bir ərəfədə arxadan vurulmasını daha üstün bildilər və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirməyə başladılar. Bu gün ölkəmiz qazandığı uğuru bütün dünya ilə bölüşür. Eurovision mahnı müsabiqəsində artıq 1-ci yarım final geridə qalıb və bu 46 ölkədə canlı yayımlanır. 46 ölkə bu televiziya şousunu izləyir. Burada əhəmiyyətli olan yalnız şounun izlənməsi deyil, eyni zamanda yayımlanan müxtəlif video roliklər vasitəsilə Azərbaycanın gözəl görüntülərinin və həqiqətlərinin də dünyaya çatdırılmasıdır. Yarım final gecəsində "Natiq" ritm qrupunun sərgilədiyi rəqs Azərbaycan mədəniyyətinin ən gözəl simalarından biri kimi izləndi. Bu ərəfədə öz niyyətlərini hər dəfə ən çirkin davranışlarla nümayiş etdirən müxalifət nümayəndələri yenə fürsətdən istifadə etdilər. Sabah Bakının mərkəzində aksiya kçirməyi planlaşdırırlar. Guya İctimai Televiziyanın qarşısında da aksiya keçirəcək və həqiqətən reallığın əks etdirilməsini tələb edəcəklər. Düşünürəm ki, İctimai Televiziya yetərincə xalqın mövqeyini ortaya qoyur, həqiqətləri göstərir. Sadəcə qurumun məqsədləri açıq-aşkar ortadadır.
- Nəyə görə Avropa Qarabağ problemini qaldırmaq yerinə öz mənafeləri üçün mitinqlər keçirməsinə münasibətiniz?
- Ümumiyyətlə, İctima Palata adlanan qurum özündə bir çox partiyaların cəmləşdiyiniiddia etsə də, məhz İsa Qənbər və Əli Kərimlinin nəzarəti altında olan və onların müştərək ideyalarını həyata keçirməyə xidmət edən qondarma bir qurum olduğu hamıya məlumdur. Belə bir fikir irəli sürüblər ki, guya Qarabağ probleminin həllini bilirlər və yalnız hakimiyyətə gəlsələr bunu açıqlayacaqlar. Bu məqamda sual və konkret fikir ortaya çıxır. Əgər onlar həqiqətən də Qarabağ probleminin həllini istəyirlərsə, bunun üçün hakimiyyətə gəlmək niyyətini deyil, problemin həll olunması üçün əllərindən gələni etməlidirlər. Torpaqlarının qaytarılmasının yolunu bilib bunu yalnız hakimiyyət qarşılığında açıqlayacağını iddia edən bir qurumda hansı vətənpərvərlik hisslərindən danışmaq olar? Bir sıra beynəlxalq hüquq müdafiəçiləri ilə yaxından əməkdaşlıq edən bu qurumun nümayəndələri 1 milyon qaçqının hüquqlarını deyil, həqiqi cinayət törətmiş 5-6 nəfər məhbusunun azad olunmasını müdafiə edirlər. Bu hansı vətənpərvərlik hisslərinə sığan hərəkətdir? Biz sosial şəbəkələrdə də bu barədə fikir mübadilələri edirik. Bəzi gənclər bu gün Azərbaycanla İran arasında yaranmış gərginliyi şəxsi münasibətlərdə olan gərginlik müstəvisinə çıxarırlar və qeyd edirlər ki, bu iqtidarın problemidir. Əslində vətənini, millətini sevən və onun müdafiəsinə çalışan insan üçün belə düşüncələr yad olmalıdır. Xalqın milli maraqlarını özündə ehtiva edən problemlər xalq tərəfindən birgə dəstəklənməlidir. Lakin təəssüflər olsun ki, bu gün bu arzularımız reallaşmır. Xalqından qopmuş insanların mövqeyi xalqın mənafeyini müdafiə etmək deyil, öz məqsədlərinə çatmaq istiqamətində qurulub. Azərbaycan dövlətinin hər hansı bir dövlətlə yaşadığı problemdə müxalifət və iqtidar anlayışları gündəmə gəlməməli, ümumilikdə xalqın mənafeyi əks olunmalıdır.
- İctimai Palatanı müdafiə edən az saylı gənclərə tövsiyyəniz nədir?
- Biz daimi olaraq belə gənclərə sosial şəbəkələr, telekanallar, agentliklər vasitəsilə müraciət edirik. Onlara tövsiyəm, məqsəd və niyyətlərinin nədən ibarət olduğunu aydınlaşdırsınlar! Atdıqları addımın qarşısına keçərək məqsədlərinin utancverici olub-olmadığını, xalqlarına ziyan verib-vermədiyini müəyyən etsinlər. Mənim fikrimcə, oradakı gənclərin çoxu aldadılır. Son dövrdə baş verən bütün hadisələr müxalifətin həqiqətən də gənclərdən öz məqsədləri naminə istifadə etdiyinin göstəricisidir. Müxalifətə üz çevirib səhv yolda olduqlarını etiraf edən kifayət qədər gənc var. Bu gün aksiyalarda iştirak edənlərə də müraciət edirik ki, özlərindən əvvəl bu qurumda fəaliyyət göstərən gənclərin aqibətinə nəzər salsınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB