"Azərbaycan bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Lakin nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, biz Ermənistanla əməkdaşlıq etməyəcəyik". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İrəvana gedən Azərbaycan Milli Məclisinin üzvü Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasından sonra jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
O, qeyd edib ki, Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz: "Ermənistan hakimiyyəti işğal altında saxladıqları torpaqları azad etməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə, bütün kommunikasiyalar bərpa oluna bilər".
Qeyd edək ki, Milli Məclisin üç deputatı Asəf Hacıyev, Musa Quliyev və Jalə Əliyeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak etmək üçün bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinə gedib.
İrəvanda keçiriləcək iclasın gündəliyinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB