İstanbulda Dünya Siyasət Forumu başa çatıb

İstanbulda işə başlamış Dünya Siyasət Forumu 18 may tarixində başa çatıb. SİA-nın xəbərinə görə, iki gün davam edən forumda dünyanın siyasi və iqtisadi böhranlardan xilas olmasının yolları, münaqişələrin həlli, siyasi və iqtisadi münasibətlərin yeni müstəvidə tənzimlənməsi, enerji təhlükəsizliyi, dünyada baş verən proseslərin bölgəyə təsiri və digər məsələlər müzakirə olunub.


Təşkil olunmuş panellərdə çoxtərəfli, ədalətli, iqtisadi münasibətlərin, bəşəriyyəti birləşdirəcək mədəni əlaqələrin qurulması, dini, mədəni dəyərlər, gender məsələsi, enerji təhlükəsizliyi, beynəlxalq təşkilatların problemlərin həllindəki rolları ilə bağlı dövlət adamları, mütəxəssislər, alimlər və analitiklərin iştirakı ilə müzakirələr aparılıb, diskussiyalar keçirilib. Azərbaycandan forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Osmanlı və Qənirə Paşayeva iştirak ediblər.


Qeyd edək ki, tədbirə dünyanın müxtəlif 48 ölkəsindən nazirlər, baş nazirlər, 200-dən çox yüksək səviyyəli rəsmilər, tanınmış siyasətçilər, qeyri-hökumət təşkilatları və nüfuzlu KİV rəsmiləri qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...