Elçin Mirzəbəyli: \"Qərbin İrana tətbiq etdiyi sanksiyalar Azərbaycanı təhlükə qarşısında qoyur\"

Elçin Mirzəbəyli: \"Qərbin İrana tətbiq etdiyi sanksiyalar Azərbaycanı təhlükə qarşısında qoyur\"

ABŞ Konqresinin Nümayəndələr Palatasının İrana qarşı tətbiq etdiyi sanksiyalar regionda siyasi prosesləri gərginləşdirib. Qərbin İrana qarşı tətbiq etdiyi bu cür sərt sanksiyalar əksər hallarda bu ölkənin regionda sərt siyasət yürütməsi ilə müşayiət olunur. Belə ki, İranın üzləşdiyi iqtisadi və siyasi böhran onun regionda siyasi vəziyyəti gərginləşdirməsinə yol açır. Siyasi ekspet Elçin Mirzəbəylinin sözlərinə görə, İranın manevr imkanları məhdudlaşdıqca diqqəti ölkə daxilindən uzaqlaşdırmaq üçün region müəyyən problemlər yaratmağa cəhd göstərir. Ekspertin fikrincə, bu arada İranın Azərbaycana qarşı münasibətini xüsusi qeyd etmək lazımdır: "İranın Azərbaycan qarşı yürütdüyü siyasət və qərəzli mövqe bu gündən başlamır. Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən İran bu cür qərəzli mövqe yürüdür. Bunun da kökündə İranın sərhədləri yaxınlığında demokratik inkişaf yolu tutan bir ölkənin varlığından narahatlığı durur".

Elçin Mirzəbəyli həmçinin qeyd edib ki, böyük dövlətlərin geosiyasi maraqları daim regionda ciddi problemlərə yol açır. Sonrakı mərhələdə sərt sanksiyalarla İranı hədələyən Qərb bu ölkənin ətrafında gedən proseslərə nəzarət etmir. Onun sözlərinə görə, beynəlxalq sanksiyalardan əziyyət çəkən İran daha çox təxribatçı əməllərini Azərbaycanda tətbiq etməyə çalışır. Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan ilk növbədə bu təhlükə ilə bağlı BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırmalıdır: "Bu gün Azərbaycan anti-terror koalisiyası tərkibində fəaliyyət göstərir. Lakin Azərbaycanın özü terrora məruz qalan dövlətdir. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı olan terror hadisələrinə qarşı münasibət bildirməlidir. İran qınanmalıdır və addımları kəskin şəkildə pislənməlidir. İranın son zamanlar Azərbaycana təxribatçı əməllərin güclənməsi ölkələrarası münasibətlərin pozulmasına səbəb olacaq". Elçin Mirzəbəylinin sözlərinə görə, İran terroru dəstəkləyən bir ölkə kimi Azərbaycan üçün ciddi təhlükə mənbəyinə çevrilir.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə