Millət vəkilləri Litva Pedaqoji Universitetində olublar

Millət vəkilləri Litva Pedaqoji Universitetində olublar

Litvada keçirilən "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumunda iştirak edər millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı, Azərbaycanın Litvadakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə Litva Pedaqoji Universitetinin rektoru Algirdas Gaizutis ilə görüşüblər. SİA-nın məlumatına görə, Azərbaycanın bütün sahələrdə Litva ilə əməkdaşlığa böyük önəm verdiyini deyən, millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da inkişaf etməsinin məmnunluq yaratdığını deyiblər. Onlar yaxın günlərdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun Litvaya planlaşdırılan səfərindən sonra iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər. 2007-2015-ci illər xaricdə təhsil proqramına bu ildən Litvanın 2 universitetinin də salındığını vurğulayan millət vəkilləri bunu Azərbaycanın Litva ilə təhsil əlaqələrinin inkişafına verdiyi önəm olduğunu bildiriblər. Bu qərarın Litvada təhsil alan azərbaycanlı gənclərin sayının artmasına səbəb olacağını vurğulayan millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litva hökumətinin qərarı ilə hər il 25 azərbaycanlı gəncə Litvada Litva hökuməti hesabına bu ölkədə təhsil alma imkanı yaradılmasının önəmini vurğulayıblar.

Litvanın da Azərbaycanla bütün sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyən Litva Pedaqoji Universitetinin rektoru Algirdas Gaizutis Azərbaycanın Litvadakı səfirliyinin və azərbaycanlı diaspor təşkilatlarının təşəbbüsünü nəzərə alaraq Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirəcək Azərbaycan auditoriyasının yaratmağı planlaşdırdıqlarını bildirib. O, qeyd edib ki, litvalı tələbələrin və universitetdə təhsil alan bütün gənclərin Azərbaycanla bağlı, onun tarixi, mədəniyyəti, həqiqətləri barədə daha geniş məlumatlar əldə edə bilməsinə, Azərbaycanı daha yaxından tanımasına imkan verəcək. Millət vəkilləri Q. Paşayeva və C.Osmanlı bunun çox önəmli bir layihə olduğunu bildiriblər.

Tədbirin sonunda rektor Algirdas Gaizutis universitetdə azərbaycanlı tələbələrin də təhsil alması barədə məlumat verib və əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə