Ümummilli lider Heydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş futbol turnirinin mükafatlandırma mərasimi keçirilib

Bu gün "Şərq" qəzetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş futbol turnirinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev, Milli Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycanın məşhur futbolçusu İskəndər Cavadov və turnirdə iştirak edən komandaların nümayəndələri iştirak edib. Açılış sözü ilə çıxış edən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ümummilli lider Heydər Əliyevin Azərbaycanda həm media nümayəndələrinə, həm də futbolun inkişafına ayırdığı diqqətdən danışıb: "Şərq" qəzeti artıq 8 ildir ki, Azərbaycan mətbuatının inkişafında əvəzsiz rolu olan Heydər Əliyevin doğum günü ərəfəsində KİV-lərarası Heydər Əliyev Kuboku futbol turniri təşkil edir. İndi bu turnirə diqqət daha da çoxalıb. Artıq bəzi müxalifət mətbuatının nümayəndələri də bu turnirdə iştirak etmək istəklərini ifadə edib".

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov ümummilli lider Heydər Əliyevin mətbuat nümayəndələrinə verdiyi xüsusi önəmdən danışıb: "Məhz bunun ntəicəsidir ki, ulu öndərin ad gününə həsr olunmuş futbol turnirində meydana çıxan futbolçular media nümayəndələridir".

"Ümummilli liderimiz futbola çox böyük önəm verirdi. Mən "Neftçi" komandasında olarkən o, bizimlə görüşür, futbolun inkişafına böyük diqqət yetirirdi",- deyə məşhur veteran futbolçu İsgəndər Cavadov çıxışında bildirib.

Tədbirin sonunda turnirin qalibləri mükafatlandırılıb. Qalibi SPACE komandası 1000 AZN pul mükafatı, xüsusi diplom və kuboka layiq görülüb. İkinci yerin sahibi "Studenttimes" qəzeti komandası və üçüncü yeri tutan "Teleqraf" qəzeti komandası da müvafiq olaraq 800 və 500 AZN pul, diplom və kubokla mükafatlandırılıb. Bundan sonra "Ən yaxşı müdafiəçi", "Ən yaxşı yarımmüdafiəçi", "Ən yaxşı hücumçu", "Ən yaxşı oyunçu" və AFFA-nın "Ən ədalətli hakim" nominasiyaları üzrə 5 nəfər turnir iştirakçısına hər biri 150 AZN olmaqla pul mükafatları və xüsusi diplomlar təqdim edilib.


Nərmin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...