Əliməmməd Nuriyev: “Vətəndaş cəmiyyəti ilə parlament arasında memorandum imzalanmalıdır” - MÜSAHİBƏ

Əliməmməd Nuriyev: “Vətəndaş cəmiyyəti ilə parlament arasında memorandum imzalanmalıdır” - MÜSAHİBƏ

"Konstitusiya" Araşdırmalar Fondunun sədri, Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyevin SİA-ya müsahibəsi


- Korrupsiya ilə mübarizə sahəsində cəmiyyətlə qanunvericilik arasındakı əlaqələrin qurulması və birgə əməkdaşlığın nə dərəcədə əhəmiyyəti var?


- Parlament korrupsiyaya qarşı mübarizədə ən mühüm alətlərdən biridir. Çünki bütün fəaliyyətin tənzimlənməsi parlament tərəfindən qəbul edilən qanunlar vasitəsilə həyata keçirilir. Bu qanunların keyfiyyətinin yüksək səviyyədə olması heç şübhəsiz korrupsiyaya qarşı mübarizəni daha səmərəli edir. Eyni zamanda, prezident tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizədə siyasi iradənin gerçəkləşməsində parlamentin əhəmiyyəti böyükdür. Çox əhəmiyyətli qanunlar qəbul edilib. Demək olar ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı normativ hüquqi baza mövcuddur, amma yenə də təkmilləşdirməyə ehtiyac duyulur. Biz bundan əvvəl də dövlət orqanlarında bu məsələləri müzakirə etmişdik və ayrı-ayrı qanunlarla bağlı təkliflər hazırlamışdıq. Təhsil sahəsində məktəbəqədər təhsillə bağlı qanun qəbul edilməlidir, əmək məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilməlidir. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı, həmçinin pensiyalar haqqında qanuna dəyişikliklər edilməlidir. Dövlət qulluğu haqqında qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Biz düşünürük ki, bütün bunlar korrupsiyaya qarşı mübarizədə daha səmərəli nəticə verəcək. Azərbaycan bir sira konvensiyalara qoşulur və bu konvensiyaları sürətləndirmək lazımdır. Digər tərəfdən EQREQO-nun korrupsiyaya qarşı mübarizə üzrə dövlətlər qurumunun Azərbaycana korrupsiyaya qarşı mübarizə ilə bağlı tövsiyyələri olub. Bu tövsiyyələr bir sıra qanunların qəbul edilməsini zəruri edir.


- Bu sahədəki mövcud boşluqların aradan qaldırılması üçün hansı işlər görülməlidir?


- Biz düşünürük ki, vətəndaş cəmiyyətilə parlament arasında münasibətlərin funksionallığını daha da artırmaq üçün memorandum imzalanmalıdır. QHT-lərlə parlament arasında mütəmadi olaraq qanunların ictimai dinləmələrini həyata keçirilməlidir. Vətəndaş cəmiyyətində kifayyət qədər mütəxəsislər var və onlar müxtəlif sahələri özündə birləşdirir. Biz parlamentlə fəaliyyətimizi dəyirmi masaların keçirilməsi, müxtəlif korrupsiya ilə bağlı birgə konfransların keçirilməsi istiqamətində yönləndiririk. Ayrı-ayrı deputatlar da korrupsiyaya qarşı təşəbbüsümüzü dəstəkləyir. Bu gün onunla bağlı müzakirələr də getdi və müzakirələrdə vətəndaş cəmiyyətinin nümayəndələri də çıxış etdi. Vacib olan məsələlərdən biri də ötən il Azərbaycan prezidenti tərəfindən normativ hüquqi aktlar haqqında Konstitusiya qanunu qəbul edilməsidir. Yaxşı olar ki, parlamentdə qanun layihələri vətəndaş cəmiyyətinin strukturlarına verilsin. Bir sözlə işləmək üçün çox geniş imkanlar var və parlament üzvləri də buna çox böyük həssaslıqla yanaşırlar.


- Ölkədə korrupsiyanı təmamilə aradan qaldırmaq üçün hansı təklifləriniz olardı?


- Korrupsiya bəşəriyyət mövcud olandan indiyədək var və idarəetməni həmişə müşayiət edib. Amma bəzi hallarda bu, sistemin əlaməti olub, bəzən isə özü sistem xarakteri daşıyıb. Buna görə də onu məhdudlaşdırmaq lazımdır. Heç kim deyə bilməz ki, korrupsiyanın qarşısını tam almaq mümkündür. Onu məhdudlaşdırmaq olar ki, onlar dövlət qurumlarının fəaliyyətinə aktiv surətdə müdaxilə edə bilməsin, vətəndaşların hüquq və azadlıqlarına mane olmasın və iqtisadiyyatda monopoliyanın qarşısı alınsın. Çünki korrupsiya həm də tez mutasiya olunan bir hadisədir. Amma bütövlükdə cəmiyyət bu prosesdə iştirak edərsə, korrupsiya ilə mübarizədə daha səmərəli və effektli nəticələr əldə olunar.

Bütün xəbərlər Facebook səhifəmizdə