Şuşanın işğalı ilə bağlı Səbail rayonda bir sıra tədbirlər keçirilib-FOTOSESSİYA

Bu gün Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Səbail rayonda bir sıra tədbirlər keçirilib. SİA-nın xəbərinə görə, ilk öncə tədbirlər planı çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi ilə birlikdə Sahil bağında "Azərbaycan xalqının soyqırım qurbanları" mövzusunda fotosərgi təşkil olunub. Rayon rəhbərliyi, rayonun orta və ali məktəb kollektivləri, müharibə veteranları və əlillərinin iştirakı ilə sərgi keçirilib. Onlar mənfur ermənilər tərəfindən zaman-zaman Azərbaycan xalqına qarşı törədilən amansız soyqırım hadisələrinin əks olunduğu fotolara baxıblar.


Bundan əlavə, "Sahil bağı"nda Şuşa rayon Gənclər və İdman İdarəsi tərəfindən Şuşanın işğalına etirazla bağlı gənclərin iştirakı ilə aksiya keçirilib, iştirakçılar tərəfindən şəhərin mərkəzində əhaliyə, xüsusilə xarici vətəndaşlara Şuşa barəsində açıqcalar paylanıb.


Bununla yanaşı, Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Gənc Tamaşaçılar Teatrında Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda məskunlaşan Şuşa rayonundan olan məcburi köçkünlərlə görüş keçirilib. Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hər bir azərbaycanlı üçün ağır hadisə olan Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalından danışıb: "Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan edib, yüzlərlə tarixi-mədəniyyət abidəsini dağıdıb, təhsil və səhiyyə ocaqlarını xarabazara döndəriblər".


A.Əsgərov qeyd edib ki, bu gün Şuşadan olan məcburi köçkünlər respublikanın bir çox rayonlarında məskunlaşıb. Hazırda Səbail rayonunda Şuşadan olan 91 ailə yaşayır ki, onların da çoxu Bibiheybət qəsəbəsindəki "Şıx" sanatoriyasında məskunlaşıb.


Tədbirdə çıxış edən şuşalılar şəhərin işğalı ilə bağlı şahidi olduqları hadisələrdən danışıb, bu gün dövlət tərəfindən onlara olan diqqətdən söz açıblar. Onlar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini və bu istiqamətdə ölkə rəhbərinin səylərini dəstəklədiklərini bildiriblər.


Tədbirin sonunda Səbail rayonunda məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən yardımlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...