Sumqayıt şəhərində möhtəşəm parad keçirilir

Sumqayıt şəhərində möhtəşəm parad keçirilir

Bu gün Sumqayıtda şəhər İcra Hakimiyyətinin rəhbərliyi və təşəbbüsü ilə məktəblilərin hərbi paradı keçirilir. SİA-nın xəbərinə görə, ənənəvi şəkil almış bu parad, şagirdlərin milli-mənəvi dəyərlərinin qorunması və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, həmçinin fiziki cəhətdən sağlam böyümələrində müstəsna əhəmiyyət kəsb edir. Bu məqsədlə şəhərin orta məktəblərində 1-ci və 11-ci siniflərin təntənəli sürətdə hərbi paradları keçirilir. Paradda yuxarı sinif şagirdləri ilə yanaşı milli ordunun texnika və əsgərləri, texniki yaradıcılıqla məşğul olan uşaqların hazırladıqları tank və digər zirehli texnika maketləri, eyni zamanda ibtidai siniflərdə təhsil alan uşaqlar da iştirak edib. Paradı şəhərin on minlərlə sakini izləyib. Məlumat üçün bildirək ki, məktəblilərin paradı Ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərə doğru hərəkət edir. Bu parad şəhər sakinləri və ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır və gənclərimizin hərbi vətənpərvərlik ruhunu daha artırır.

Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paradda iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə