YAP “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirib - FOTOSESSİYA

YAP “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirib - FOTOSESSİYA

Bu gün Yeni Azərbaycan Partiyası "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda konfrans keçirib. SİA-nın xəbərinə görə, konfrans öncəsi iştirakçılar Fəxri Xiyabana gedərək ulu öndərin abidəsini ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra onlar akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

Tədbirin açılışında Yeni Azərbaycan Partiyası (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu gün Azərbaycanda qarşıdakı dövrlərlə əlaqəli inkişaf konsepsiyasının işlənib hazırlanması üzrə çox geniş, aktiv işlər aparılır. Onun sözlərinə görə, təsadüfi deyil ki, YAP-ın ümummilli liderin doğum günü ərəfəsində keçirdiyi ənənəvi konfransların bu ilki tematikası məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə formalaşmaqda olan "Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası"nın tematikasına uyğun şəkildə həyata keçirilir. Ə.Əhmədov qeyd edib ki, 2003-cü ildən başlayaraq Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi və təbliği məqsədi ilə hər il onun anadan olduğu gün ərəfəsində çoxsaylı tədbirlər, həmin günə həsr edilmiş konfrans keçirir. Bu il də əvvəlki illərdə olduğu kimi, müxtəlif tədbirlər təşkil edilib, konfransın materialları isə partiyanın İcra katibliyi tərəfindən toplanaraq eyniadlı kitab şəklində çap olunub: "Bütün bunlar ümummilli liderin şəxsiyyətinə və onun Azərbaycan xalqı üçün göstərdiyi xidmətə olan qiymətdir. Xalqımız ulu öndərin doğum gününü ümummilli bayram kimi qeyd edir. Ölkəmizin hər yerində, dünyanın azərbaycanlıların yaşadığı hər bir ölkəsində Heydər Əliyevin xatirəsi bu il də geniş şəkildə anılır, ümummilli liderə insanların dərin hörmət və ehtiramı bir daha vurğulanır".

Hakim partiyanın sədr müavini bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün özünün müsbət nəticələrini verməkdədir. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən YAP sədrinin müavini qeyd edib ki, artıq Azərbaycan yeniləşir, müasirləşir və modernləşir.

"Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müasirləşməsi məsələsi onun fəaliyyətində əhəmiyyətli yer tutub. Ulu öndərin baxışları prizmasından yanaşsaq, müasirləşmə, modernləşmə Azərbaycanın iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarının müasir tələblər baxımından yeniləşməsi məfkurəsini və təcrübəsini özündə ehtiva edir. Modernləşmə hər şeydən əvvəl iqtisadiyyatın sürətli inkişafının etibarlı və əzəmətli resursu kimi qavranılır. Eyni zamanda, modernləşmə dedikdə, istehsalın müasir rəqabət tələblərinə uyğunlaşmasını təmin edən amillər nəzərdə tutulur. Digər tərəfdən, modernləşmə insan fəaliyyətinin bütün sferalarında elmin və yeni texnologiyaların tətbiqini özündə ehtiva edir. Həmçinin, modernləşmə ictimai kommunikasiyanın ən müasir yeni formalarının tətbiq edilməsi kimi başa düşülür. Nəhayət, modernləşmə təbii ki, insanın yeni həyat keyfiyyətinin təmin edilməsi amillərinin məcmusudur", - deyə Əli Əhmədov vurğulayıb.

Əli Əhmədov əmin olduğunu deyib ki, bu konfransın keçirilməsi, tədbirdə səslənən dəyərli ideyalar qarşıdakı dövrlərdə ictimai fikrimizdə Azərbaycan cəmiyyətinin müasirləşməsi məsələlərini ciddi araşdırmalar və tədqiqatlar obyektinə çevirəcək.

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev isə "Azərbaycan 2020: inkişafın yeni hədəfləri" mövzusunda məruzəsi ilə çıxış edib: "Azərbaycan xalqı sınaqlarla dolu, təlatümlü mərhələlərdən keçməli olub. Ötən əsrin 90-cı illərində yeni müstəqilliyini əldə etmiş Azərbaycanda baş verən siyasi böhran, Ermənistanın təcavüzü ölkədə ciddi problemlər yaradıb. Mövcud hakimiyyət bu böhranı aradan qaldırmaq iqtidarında deyildi.Ölkə xaosun içində özbaşına buraxılmışdı. Azərbaycan unitar dövlət quruluşunu, müstəqilliyini itirmə təhlükəsi ilə üz üzə qalmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı məhz belə təlatümlü dövrə təsadüf edirdi.

Ancaq öz taleyinə sahib olmaq kimi milli ideyanın formalaşması Azərbaycanda asan baş vermədi. Bu təlatümlü mərhələdən keçdi. Müstəqilliyin ilk illərində Ermənistanın hərbi aqressiyası, Dağlıq Qarabağda erməni separatizmi, daxili ictimai-siyasi həyatda baş verən böhran ölkəni iflic vəziyyətinə salmışdı. Həmin vaxt hakimiyyətdə olan qüvvələr ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının və etnik separatizmin qarşısının alınması iqtidarında deyildilər. Həmin hakimiyyətin yanlış və səriştəsiz siyasəti nəticəsində Azərbaycanın dövlətçiliyi sarsıdılmışdı. İctimai-siyasi, mənəvi böhran, unitarın dövlətin, milli müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin hakimiyyətinin ilk illəri çarəsiz Azərbaycanın bir vaxtına təsadüf edirdi. 70-80 illərin Heydər Əliyevin sayəsində yaradılmış abad Azərbaycandan acınacaqlı bir miras qalmışdı

Azərbaycanın suverenliyinin qorunub saxlanılması, uğurlu daxili və xarici siyasətin aparılması, ölkənin beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, investisiyaların cəlbinə şərait yaradılıb. Beynəlxalq güclərin regionda kəsişən maraqlarının uzlaşdırılması Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Ölkəmizin ötən ili BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin bir müddət öncə Meksikada keçirilən 20-lərin görüşünə 10 ölkədən biri və MDB məkanında yeganə dövlət olması, ölkəmizin diplomatik siyasi qələbəsini və onun uğurlarının dünya tərəfindən etiraf olunmasını göstərir.

Azərbaycan BMT-nin yüksək inkişafı olan ölkələr kateqoriyasına daxil edilib. Əgər Azərbaycan bir neçə il öncə 169 ölkə arasında bu məsələdə 101-ci yeri tuturdusa, indi 68-ci yerdədir. Bununla yanaşı iqtisadi inkişaf rəqabətinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yeri tutur. Bu gün Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlıqda ən etibarlı tərəfdaş kimi qəbul edilməkdədir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinə töhvə verən söz sahiblərindən birinə çevrilib".

Daha sonra konfrans daha sonra öz işini bölmə iclasları ilə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə