Əli Əhmədov: \"Ermənilər başqa dövlətin ərazisini işğal etməkdən ötrü öz insanlarının qanını töküblər\"

Əli Əhmədov: \"Ermənilər başqa dövlətin ərazisini işğal etməkdən ötrü öz insanlarının qanını töküblər\"

"Azərbaycan torpaqlarının işğalı ilə bağlı ədalətsizlik uzun müddət davam edə bilməz. Erməni tərəfi Azərbaycan torpaqlarını işğal edib. Bu təcavüz 20 ildən artıqdır davam edir. Dünya ictimaiyyəti bu həqiqəti dərk edir. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan prezidentinin hansı bəyanatları verməsindən asılı olmayaraq dünya ictimaiyyəti və beynəlxalq hüquq Azərbaycan torpaqlarının azad edilməsini bir şərt olaraq Ermənistanın qarşısına qoyub. Heç kim Ermənistandan və onların hakimiyyətdə olan insanlarından xahiş etməmişdi ki, qan töküb Azərbaycan torpaqlarını işğal etsinlər. Bu, onların siyasətinin öz ölkələri və xalqları içərisində iflas olduğundan xəbər verir". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi-sədr müavini Əli Əhmədov Ermənistan prezidentinin "Biz qan töküb aldığımız torpaqları geri qaytarmayacağıq" bəyanatına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistan tərəfi qan töküb ədalətsizlik edirsə, bu ədalətsizlik təkcə Azərbaycana qarşı yox, həm öz xalqına, həm də vətəndaşlarına qarşı böyük haqsızlıqdır: "Yəni onlar başqa dövlətin ərazisini işğal etməkdən ötrü öz insanlarının qanını töküblər. Öz xalqları, qanlarını tökdüyü insanların valideynləri və yaxınları qarşısında necə cavab verəcəklər.

Amma onlar Azərbaycanın torpaqlarını bütün dünyanın tələb etdiyi kimi azad etməlidirlər, buna borcludurlar. Əgər bunu etməsələr, Azərbaycanın gücü, xalqımızın iradəsi kifayətdir ki, biz öz torpaqlarımızı azad edək",- deyə Əli Əhmədov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə