Azərbaycan XİN-i ölkənin BMT TŞ-ya sədrlik etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bəyanatda deyilir: " Azərbaycan 24 oktyabr 2011-ci il tarixində böyük diplomatik uğura imza ataraq, BMT Təhlükəsizlik Şurasına 2012-2013 illər üçün qeyri-daimi üzv seçilib. Yüksək rəqabət şəraitində keçən 17 turdan sonra ölkəmiz beynəlxalq ictimaiyyətin etimadını qazanaraq, BMT-nin 155 üzv dövlətinin dəstəyini əldə edə bilib.

Müstəqilliyimizin 20 illiyinə təsadüf edən bu qələbəmiz ölkəmizin qısa müddət ərzində balanslaşdırılmış, çoxşaxəli və məqsədyönlü xarici siyasətinin həyata keçirilməsi nəticəsində əldə etdiyi yüksək nailiyyətlərinin əsl göstəricisidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun həm regionda, həm də beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakının və eyni zamanda sülhün və əmin-amanlığın bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.

Bu gündən etibarən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü olaraq bir ay müddətinə bu mötəbər quruma sədrlik edəcəkdir. Sədrlik müddəti ərzində Azərbaycan Yaxın Şərq, Afrika və Balkan regionlarında cərəyan edən proseslər, o cümlədən, dünya ictimaiyyətinin diqqət mərkəzində olan sülh və beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə və münaqişələrin həll edilməsi kimi digər qlobal əhəmiyyətli məsələləri Təhlükəsizlik Şurasının gündəliyi çərçivəsində müzakirələrə çıxaracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi "Biz Təhlükəsizlik Şurasında, ilk növbədə, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və müdafiə edirik".

Təhlükəsizlik Şurasının sədri olaraq, terrordan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan "Terror aktları ilə beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidlər" mövzusunda yüksək səviyyəli iclas keçirməyi planlaşdırır. Bununla yanaşı Azərbaycan Təhlükəsizlik Şurasındakı sədrliyi müddət ərzində beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlərin müzakirələrə çıxarılması məqsədilə müxtəlif məsələlərlə bağlı iclasların keçirilməsini planlaşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə