YAP Gənclər Birliyi gənclərin maariflənməsi istiqamətinə keçiriləcək mühazirələrə start verib-FOTOSESSİYA
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ardıcıl olaraq yeni layihələrin icrasına başlayıb. SİA-nın məlumatına görə, növbəti layihə Gənclər Birliyinin tərkibindəki aktiv gənclərin maarifləndirilməsi istiqamətində mühazirələrin keçirilməsidir. Bu gündən başlayaraq hər həftənin şənbə günü gənclərə tanınmış elm xadimləri, professorlar müxtəlif mövzularda mühazirələr oxuyacaq. İlk mühazirə ilə bağlı keçirilən tədbirdə YAP Gənclər Birliyi Mərkəzi Ofisinin rəhbəri Sərraf Hüseynov, YAP GB-nin sədr müavini Aygün Əliyeva, YAP GB-nin təşkilati məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva, Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev və rayon təşkilatları üzrə Gənclər Birliklərinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözləri ilə açan Sərraf Hüseynov mühazirələrin əhəmiyyəti ilə bağlı məlumat verərək bildirib ki, gənclərin müxtəlif istiqamətlərdə inkişafının artırılması üçün tədbirlər görülməyə davam etdiriləcək: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi adından fəal gənclərimizin dünya görüşünün artırılması üçün müxtəlif mövzularda mühazirələrə dəvət etməyə qərar verdik. Təklifimiz gənclər tərəfindən də müsbət qarşılandı. Bu gündən başlayaraq gənclərimizin maraq dairələri əhatəsində müxtəlif mövzularda mühazirələr keçiriləcək. Fikir mübadilələri gənclər arasında diskussiyalar hər zaman olduğu kimi öz müsbət nəticələrini göstərəcək. İlk mühazirəmiz "Beynəlxalq təşkilatlar: tarixi və fəaliyyət mexanizmləri" mövzusuna həsr edilib. Bundan sonrakı mühazirələrdə də gənclərimizə uğurlar arzulayarıq".
Mühazirə ilə çıxış edən professor Əmir Əliyev gənclərə beynəlxalq təşkilatların tarixi, siyasi əhəmiyyəti ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsi ölkəmiz üçün istənilən sahədə böyük nailiyyətdir: "Bu gün Azərbaycan dövlətinin dinamik inkişafı dünya ölkələri tərəfindən də qəbul olunandır. Lakin ölkəmizin bu günlərə gəlib çatana kimi keçdiyi siyasi və tarixi inkişaf dövrü keşməkeşlidir. Yəni önəmli olan Azərbaycanın bugünkü nailiyyətlərindən daha çox, bunun necə qazanıldığıdır. Bu gün Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin bəhrələrini yaşayır. Bu gün Azərbaycan bir dövlət kimi beynəlxalq aləmdə tanınır və problemləri, uğurları ilə müzakirə mövzusuna çevrilir. Bütün bunlar da bizim inkişafımızın və beynəlxalq təşkilatlarla əməkdaşlığımızın uğurlu istiqamətindən xəbər verir. Beynəlxalq təşkilatlarla düzgün əməkdaşlığın qurulması bütün ölkələrin taleyində həlledici rol oynayır. Belə ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqəsi dünyada təmsil olunmasında əhəmiyyətli rol oynayır. Bununla yanaşı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da yenə həmin beynəlxalq təşkilatların rolu böyükdür. Bu məqamda Azərbaycanın BMT TŞ-nın qeyri daimi üzvü seçilməsini qeyd etməkdə fayda var. Bu ölkəmiz üçün qazanılmış əvəzsiz uğurdur. Eyni zamanda bu fakt Azərbaycanın BMT kimi önəmli bir təşkilatla qurulmuş düzgün əməkdaşlığının bariz nümunəsidir".
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında beynəlxalq təşkilatlarla yanaşı, təbliğat maşınının da vacib olduğunu vurğulayan hüquq elmləri doktoru bu işdə gənclərin üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Dinləyicilər mühazirədən sonra Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin aksiyasına qoşularaq hazırlanmış müraciəti Gənclər Birliyi Ofisinin Bilgisayar Mərkəzində beynəlxalq təşkilatların katibliklərinə, müxtəlif dövlətlərin rəsmilərinə və parlamentarilərinə ünvanlayıblar. Şuşanın işğalından bəhs edən həmin müraciəti diqqətinizə çatdırırıq:
"Biz ərzisinin 20 faizi işğal edilmiş, bir milyon vətəndaşı didərgin salınmış, minlərlə övladı şəhid edilmiş ölkənin gəncləri olaraq sizə müraciət edirik. Məqsədimiz yaxın tarixin acı həqiqətlərini diqqətinizə çatdırmaqdır.
20 il öncə qədim Azərbaycan torpağı Qarabağın incisi olan Şuşa adlı bir şəhər vardı. Bu şəhər dünyanın mədəni irsi kimi qorunan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi olmuşdur. Şuşanın muzeylərində bəşər tarixinin daş dövrü, kitabxanalarında dünya ədəbiyyatı inciləri, qalalarında Azərbaycan xalqının qəhrəmanlıq tarixi qorunurdu.
Bizim ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa 20 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında məhv edildi. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri 1992-ci il may ayının 8-də Şuşa şəhəri əhalisinə divan tutdu. Tarixi abidələr uçuruldu, muzeylər, kitabxanalar yandırıldı, heykəllər sanki canlı imiş kimi güllələndi. Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri erməni vandalizminin qurbanı oldu. Şuşanın dinc sakinlərindən yüzlərlə insan öldürüldü, ağır yaralandı, əsir və girov götürüldü.
Azərbaycanın mədəniyyət beşiyi Şuşa 20 ildir ki, erməni hərbçilərinin işğalı altındadır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in minsk qrupunun himayəsi altında aparılan danışıqlar bu günə qədər heç bir nəticə verməmişdir.
Vaxt ötdükcə erməni işğalçılarının nəzarətində olan Şuşa şəhəri də digər işğal olunmuş ətraf ərazilər kimi amansız istismara və dağıntılara məruz qoyulur. Bu ərazilərdən ermənilər qanunsuz silah və narkotik icarəsi üçün geniş istifadə edirlər. Nəticədə işğal altında olan bu ərazilər təkcə ölkə və region üçün deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın qorunması yolunda böyük təhlükə mənbəyinə çevrilir.
Biz gənc olaraq BMT, AŞ, Aİ, İKT və digər nüfuzlu təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq Sizə müraciət edirik.
İnanırıq ki, Siz vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və Şuşa şəhərinin erməni silahlı qüvvələrinin işğalından tezliklə azad olunması üçün öz qətiyyətli mövqeyinizi ortaya qoyacaqsınız . Bu münaqişənin tezliklə həll edilməsi, minlərlə insanın öz doğma torpaqlarına geri dönməsi naminə əlinizdən gələni əsirgəməyəcəksiniz.
Biz Yeni Azərbaycan Partiyasının gəncləri olaraq Sizə güvənir və ədalətin tezliklə zəfər çalacağına böyük ümidlər bəsləyirik".
Qeyd edək ki, hər həftənin şənbə günü YAP GB tərəfindən müxtəlif mövzularda mühazirələr keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB