Bakı “Eurovision-2012” turistlərinə hansı suvenirləri təqdim edəcək? - FOTOLAR

Bakı “Eurovision-2012” turistlərinə hansı suvenirləri təqdim edəcək? - FOTOLAR

Gələn ay Bakıda ilin ən önəmli mahnı müsabiqələrindən biri olan "Eurovision" keçiriləcək. Hesablamalara görə, müsabiqə zamanı paytaxtımıza 50 minə yaxın turistin gələcəyi gözlənilir.

Turistlərin isə qonaq olduqları ölkədən ən çox aldıqları isə müxtəlif suvenirlərdir.

Müsabiqə öncəsi ölkəmizlə bağlı suvenirlərin satış vəziyyətini öyrənmək üçün turistlərin ən çox üz tutduğu İçərişəhərə yollandıq.

Ötən il İçəri Şəhərdə apardığımız oxşar araşdırma zamanı satılan suvenirlər arasında Azərbaycana məxsus milli gəlinciklər, çalğı alətləri, milli geyimlər, əldə toxuma kiçikölçülü xalçalar və baş örtükləri ilə yanaşı matryoşkalar, uşankalar (papaq) olsa da, bu dəfə həm seçim az idi, həm də qiymətlər baha idi. Bu il Azərbaycan çoxsaylı turistlərin axışacağı möhtəşəm mahnı festivalı "Eurovision-2012" ərəfəsində suvenir çatışmazlığının aradan qalxacağını düşünsək də təəssüf ki, gördüyümüz mənzərə bizi məyus etdi. Çünki bu il suvenirlərin çeşidində daha çox qıtlıq hiss edilirdi.

Suvenir satıcıların sözlərinə görə, satdıqları yadigarlıq əşyalarının böyük əksəriyyəti xarici ölkələrdən, xüsusilə Çindən gətirilir. Buna səbəb isə bu ölkədə bu əşyaların ucuz başa gəlməsidir. Lakin Azərbaycanda da hazırlanan suvenirlər var. "Bizdə suvenir istehsal edən elə bir müəssisə və ya sex yoxdur. Ancaq bəzi məhsullar yerli olur. Onlar da baha olur. Belə suvenirlər əsasən Şəki və Gəncə şəhərlərindən gətirilir", - deyə satıcılar bizimlə söhbətlərində bildirdilər.


İçəri Şəhərdən başqa üzərində Bakıda keçiriləcək 57-ci "Eurovision-2012" mahnı müsabiqəsinin şüarı "Light your fire" yazılan geyim növləri (köynək, şərf, papaq), fincan, qeyd dəftərçələri, həmçinin məlumat kitabçaları və digər aksessuarlar da satılır. Lakin onların satışı "eurovision.tv" saytının "Fanshop" bölməsi üzərindən həyata keçirilir. Bu aksessuar və suvenirlər Avropa Yayımları Birliyinin (EBU) rəsmi tərəfdaşı olan "Badge Direct BV" şirkəti tərəfindən hazırlanıb.


Builki aksessuarlar arasında "Eurovision" mahnı müsabiqəsi tarixində ən yaddaqalan ifaçılar barədə maraqlı faktların və Bakı haqqında məlumatların yer aldığı kitabçalar da var. Lakin bunların da satışı internet vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, suvenir satışı ilə bağlı araşdırmamızın əsas səbəblərindən biri də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar elan etdiyi investisiya layihələrinin artıq 4-nü maliyyələşdirməsi ilə bağlı idi. Hətta bu barədə SKMF-in icraçı direktoru Şirzad Abdullayev KİV-ə məlumat da vermişdi.


Ş.Abdullayev bildirmişdi ki, maliyyələşdirilən layihələr dulusçuluq, xalçaçılıq və oyma sənətinə aiddir. "Suvenirlərin istehsalı və satışı ilə bağlı fonda bir neçə layihə təqdim edilib və hazırda bu layihələr üzrə müzakirələr aparılır", - deyə Şirzad Abdullayev bildirmişdi.


Bu layihələrlə bağlı hədiyyələri tapmadığımızdan maliyyələşdirilən həmin layihələrlə ətraflı tanış olmaq qərarına gəldik.


Azərbaycanda demək olar ki, hər il musiqi festivalları, idman yarışları, beynəlxalq tədbirlər keçirilir, ölkəyə gələn turistlərin sayı isə ilbəil artır. Hələ may ayında "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyini də nəzərə alsaq, Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyaları, aksesuarların turistlər üçün satışa çıxarılmasının çox önəmli məqam olduğunu düşünmək olar.

Maliyyələşdirilən layihələrin nədən ibarət olduğunu, onların istehsalı, qablaşdırılması və satışının təşkil olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin necə olması ilə bağlı suallarımızla İqtisadi İnkişaf Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin əməkdaşı iki gün gözləməyimizi xahiş etdi, üçüncü gün İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlamağımızı bildirdi. Abbas Əliyev öz növbəsində məsələ ilə bağlı məlumatları nəzərdən keçirdiyini və bu gün (dünən-red.) bizə informasiya verəcəyini bildirdi. Lakin bu gün İİN-nin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev nə iş də mobil telefonuna etdiyimiz zənglərə cavab verdi.


Ola bilər ki, Abbas Əliyev "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar həyata keçiriləcək bu investisiya layihələri haqda məlumatı dövlət, peşə, kommersiya, hərbi, istintaq və məhkəmə sirləri sırasına aid edir. Hər halda düşünürük ki, İİN mətbuat xidmətinin vəzifəsi məlumatı ləngidərək həftəsonuna gətirmək və ya ümumiyyətlə zənglərə cavab verməməkdən yox, mətbuatla işləməkdən ibarətdir. /ANSPRESS/

Bütün xəbərlər Facebook səhifəmizdə