Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının ümumrespublika müşavirəsi keçirilir

Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının ümumrespublika müşavirəsi keçirilir

Bu gün Səbail rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarının ümumrespublika müşavirəsi keçirilir. SİA-nın xəbərinə görə, müşavirədə hakim partiyanın sədr müavini-icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov və partiyanın yerli idarə və strukturlarının rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, mütəmadi olaraq təşkil olunan bu cür müşavirələrdə müvafiq təlimatlar verilir, görülən işlərə yekun vurulur, qarşıda duran dövr üçün vəzifələr müəyyənləşdirilir. Onun sözlərinə görə, bu gün keçirilən müzakirədə həm bundan əvvəlki müşavirə ilə indiki müşavirə arasındakı ötən dövr ərzində həyata keçirilən işlər barədə fikir mübadiləsi aparılacaq, eyni zamanda, qarşıdakı dövr ərzində Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının vəzifələri müəyyənləşdiriləcək və onlara müəyyən təlimatlar veriləcək.

"Hesab edirəm ki, indiki halda-ölkədə ictimai-siyasi fəallığın kifayət qədər yüksək olduğu bir zamanda Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatlarına təlimatların verilməsinə ehtiyac var. Digər tərəfdən partiyadaxili bir sıra məsələlərin müzakirəsi ilə ciddi şəkildə məşğul olacağıq. Dünən Milli Məclisdə "Siyasi partiyalar" haqqında qanuna əlavə və dəyişikliklər qəbul edilib. Güman edirəm ki, yaxın vaxtlarda Prezident İlham Əliyev layihəni təsdiq edəcək və qanun qüvvəyə minəcək. Bununla əlaqədar olaraq Azərbaycanda siyasi partiyaların rolu və yeri əhəmiyyətli dərəcədə artacaq, digər tərəfdən partiyaların maliyyələşməsinə dövlət tərəfindən yardımlar ediləcək. Bunun özü də Yeni Azərbaycan Partiyasının fəaliyyətinə yeni məqamlar gətirir. Bu barədə də yerli təşkilatlarla fikir mübadiləsi aparılcaq. Bu tədbirləri keçirməklə bötüvlükdə partiyanın yerli strukturları ilə mərkəzi icra aparatı arasında çox sıx münasibətləri qururuq ki, bu da bizim fəaliyyətimizə mühüm töhfələ verir", - deyə Ə.Əhmədov əlavə edib.

Daha sonra müşavirə media üçün qapalı şəkildə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə