Prezident: “Hər bir dövlət qurumu, dövlət məmuru daha da məsuliyyətli olmalıdır”

Prezident: “Hər bir dövlət qurumu, dövlət məmuru daha da məsuliyyətli olmalıdır”

Ümumi iqtisadi inkişaf çox yüksək templərlə ölçülməsə də, Azərbaycanın qeyri-neft iqtisadiyyatı sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul 0,5 faiz artıb. Ancaq qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artıb. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədəki çıxışında deyib. Onun fikrincə, bu, çox gözəl göstəricidir: "İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Əgər sənaye istehsalına nəzər salsaq görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalıb, ancaq qeyri-neft sənayemiz 16,5 faiz artıb. Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilib, konkret addımlar atılıb. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapıb. Özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır. Mən çox şadam ki, bu sahə çox yüksək templərlə inkişaf edir".


Dövlət başçısı əlavə edib ki, ölkədə yaradılan həm orta, həm kiçik, həm iri müəssisələr bu yeni reallıqları təmin edir: "Beləliklə, demək olar ki, artıq sənayeləşmə siyasətinin gözəl nəticələri var. Hazırda tikilməkdə olan iri sənaye müəssisələri gələcəkdə fəaliyyətə başlayandan sonra bizim qeyri-neft sənayemizin inkişafına daha da böyük töhfə verəcək. Makroiqtisadi göstəricilər müsbətdir. İnflyasiya cəmi 3,1 faizdir. Əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu da, ümumiyyətlə, son illər ərzində ənənəvi bir balansdır. Çünki inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz. Əhalinin pul gəlirləri inflyasiyanı on faiz, ondan da çox üstələyir. Bütövlükdə bu, onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. Xüsusilə, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır".


İlham Əliyev onu da deyib ki, Azərbaycanın strateji valyuta ehtiyatları artır: "O da bizim strateji xəttimizdir ki, biz daim - hər il və hər rüb strateji ehtiyatlarımızı artırmalıyıq. Baxmayaraq ki, Dövlət Neft Fondundan bu il də dövlət büdcəsinə kifayət qədər böyük transfert olunmuşdur və bu proses davam etməkdədir. Ancaq gəlirlər xərclərimizi üstələyir. Bu da çox müsbət göstəricidir. Biz imkan daxilində öz maddi resurslarımızdan istifadə edirik. Dünyada davam edən qlobal maliyyə və iqtisadi böhran onu göstərir ki, kim öz hesabına yaşamır, borc hesabına yaşayır, eyni zamanda, sosial proqramları borcun götürülməsi hesabına icra edir, nəticədə bu ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Çünki gec-tez bu borclanma gəlib son həddə çatacaq".


"Biz isə investisiya proqramlarımızı və sosial proqramları öz imkanımızla icra edirik. Beləliklə, bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artıb və 43 milyard dollardan çoxdur. Bu, nəinki ölkəmiz üçün, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Biz o ehtiyatları ildən-ilə, rübdən-rübə daha da artıracağıq. Bu vəsaitin səmərəli işləməsi və bu vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə maliyyə vəziyyətimizi daha da yaxşılaşdıracaq, ölkədə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaq", - prezident qeyd edib.


İlham Əliyevin sözlərinə görə, Azərbaycanda bütün istiqamətlərdə işlər plan üzrə, proqramlar üzrə gedir. Dövlət İnvestisiya Proqramı icra edilir və çalışmaq lazımdır ki, ilin sonuna qədər tam şəkildə icra edilsin: "İndi son illərin reallıqları bundan ibarətdir ki, biz bəzi hallarda Dövlət İnvestisiya Proqramını tam şəkildə icra edə bilmirik. Çünki bəzi hallarda vəsait bizim texniki imkanlardan artıqdır. Yaxud da ki, bəzi hallarda müvafiq nazirliklər və dövlət qurumlarının hökumətə verdikləri sifarişlər o qədər böyük olur ki, onların icrasını il ərzində təmin edə bilmirlər. Biz buna da diqqət yetirməliyik. Real sifarişlər verilməlidir. Hər bir nazirlik, hər bir dövlət qurumu öz imkanlarını ölçüb-biçməlidir, qeyri-real təkliflər verməməlidir. Mən başa düşürəm, hər bir qurum, hər bir nazirlik istəyir ki, onun sahəsində daha da sürətli işlər getsin və beləliklə, Dövlət İnvestisiya Proqramı formalaşdıqda daha da böyük təkliflər irəli sürürlər. Ancaq bu təkliflər reallıqlara əsaslanmalıdır".


"Əlbəttə ki, hökumətdə təhlillər aparılır. Ancaq hər bir dövlət qurumu, dövlət məmuru daha da məsuliyyətli olmalıdır ki, Dövlət İnvestisiya Proqramı tam şəkildə, vaxtında və ən önəmlisi yüksək keyfiyyətlə icra edilsin. Çünki bizim bugünkü uğurlu inkişafımız artıq reallıqdır. Əsas infrastruktur layihələrimiz ya başa çatıb, ya başa çatmaq üzrədir, yaxud da ki, o layihələrin icrası başlanmışdır", - prezident əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə