Erməni qəsbkarlığı növbəti dəfə beynəlxalq təşkilatlar qarşısında qaldırılacaq - FOTO
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində ön cəbhədə Ermənistan silahlı qüvvələrinin snayperlərinin hədəfə alaraq ağır yaraladığı mülki vətəndaş-Vüsal Quliyevə xəstəxanada baş çəkib. SİA-nın məlumatına görə, onunla görüşündə millət vəkili bildirib ki, Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları atəşə tutması artıq birinci dəfə deyil. Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşları snayperlə hədəfə almasını qeyri-humanist və mənəviyyata zidd bir addım adlandıran millət vəkili Qənirə Paşayeva bu məsələni növbəti dəfə beynəlxalq təşkilatlar qarşısında qaldıracaqlarını qeyd edib: "Atəşkəs rejiminin mövcud olduğu bir şəraitdə Ermənistan silahlı qüvvələrinin snayperlə Azərbaycanın mülki vətəndaşlarını, uşaqları, qadınları, öz həyətində, əkin sahəsində çalışan insanları hədəfə alması, onları yaralaması və qətlə yetirməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan tərəfi bu hərəkətləri ilə insanların adi yaşama hüququnu pozur. Ermənistan silahlı qüvvələrinin snayperlə Azərbaycanın mülki vətəndaşlarını hədəfə alması məsələsi növbəti dəfə AŞPA daxil olmaqla, beynəlxalq təşkilatlar qarşısında qaldırılmaqla, beynəlxalq ictimaiyyətin diqqətini bir daha Ermənistan dövlətinin vandalizm, beynəlxalq hüquqa zidd hərəkətlərinə yönəldilməyə çalışılacaqdır".
Yaralıya baş çəkənlər arasında olan Türkiyənin TRT kanalının Azərbaycan nümayəndəliyinə müsahibəsində millət vəkili Qənirə Paşayeva bildirib ki, Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyu yerləşən kəndləri, habelə işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə Azərbaycanın mülki vətəndaşlarını hədəfə alması artıq adi bir hala çevrilib. "Otən ilin mart ayının 8-də Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə hədəfə alaraq 9 yaşlı azərbaycanlı oğlan Fariz Bədəlovu faciəli şəkildə qətlə yetirdikdən sonra həmin ilin iyul ayında yenidən bir uşağı faciəli şəkildə qətlə yetiriblər. Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində 13 yaşlı azərbaycanlı qız, Aygün Şahmalıyeva Ermənistanın qeyri-humanist və mənəviyyata zidd siyasətinin yeni bir qurbanı olub. Ermənistan tərəfi partlayıcı qurğu quraşdırdığı oyuncağı bilərəkdən kəndə gələn çaya buraxıb. Bu oyuncağı tapan Aygün onu evə gətirib və onun partlaması nəticəsində günahsız bir qız uşağı faciəli şəkildə həlak olub."
Millət vəkili Qənirə Paşayeva onu da əlavə edib ki, AŞPA-da daxil olmaqla, beynəlxalq təşkilatlar qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını snayperlə hədəfə alaraq onları yaralaması və qətlə yetirməsi və Ermənistan tərəfindən bu hərəkətlərə son qoyulmasının tələb edilməsi məsələsi qaldırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB