Araz Əlizadə: \"Mövcud qanunda müəyyən məqamlar var ki, onları həyata keçirmək çətin olacaq\" - MÖVQE

Araz Əlizadə: \"Mövcud qanunda müəyyən məqamlar var ki, onları həyata keçirmək çətin olacaq\" - MÖVQE

Azərbaycanda proporsional seçki sisteminə qayıdılmalıdır. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə "Siyasi partiyalar haqqında" qanuna edilməsi nəzərədə tutulan dəyişikliklərə münasibət bildirərkən deyib.

Siyasi partiyaların seçkilər zamanı qazandıqları səslər və deputat mandatlarının sayından asılı olaraq dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinə gəlincə, A.Əlizadə bildirib ki, mövcud qanunda müəyyən məqamlar var ki, onları həyata keçirmək çətin olacaq: "Seçkidə parlamentə düşməyən partiyalar əgər 3 faizdən artıq səs toplayacaqlarsa onlara büdcədən vəsait ayrılacaq. Bizdə majoritar seçki sistemidir. Bir partiya 100 nəfəri, bir partiya isə 5 nəfəri namizəd kimi irəli sürür. Hərə öz real namizədlərini irəli sürür. Tutaq ki, bu beş nəfər hərəsi öz dairəsində 3 faiz səs toplayıb. Görəsən bunlara büdcədən vəsait ayrılacaq ya yox? Yaxud 100 namizədin hərəsi 2 faiz səs toplayıb. Onlara maliyyə vəsaiti düşəcək, ya yox? Bu da məlum deyil".

Partiya həmsədri həmçinin qanunda partiyaların bərabərlik hüququnun pozulma hallarının mövcudluğuna toxunub: "Sonra deyirlər ki, partiya üzvlərinin sayı çox olanlara daha çox maliyyə vəsaiti ayrılmalıdır. Bu da düzgün deyil. Bərbərlik hüququ pozulur. Tutaq ki, bir partiyanın 10 min üzvü var və o seçkidə 7 faiz səs toplayıb. Bir partiyanın isə 200 min üzvü var o da seçkilərdə 7 faiz səs toplayıb. Az qüvvə ilə daha yaxşı nəticə göstərənə daha çox pul ayrılmalıdır. Əgər doğurdan da partiyaların seçkilərdə faizini müəyyən etmək istəyirlərsə, daha doğrusu olan proporsional seçki sisteminə qayıdılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə