Bu il Azərbaycan "Eurovision- 2012" mahnı müsabiqəsinə ev sahibliyi edəcək. Müsabiqədə 42 ölkə təmsil olunacaq. Bu da o deməkdir ki, hər ölkədən çoxlu sayda əcnəbi vətəndaş ölkəmizin qonağı olacaq. SİA-nın məlumatına görə, həmin qonaqları şəhərə gətirmək, onlara Bakının gözəlliklərini göstərmək və turistləri lazımi ünvana çatdırmaq işi məhz taksi sürücülərinin öhdəsinə düşəcək. Bəs, maraqlıdır ki, taksi sürücüləri onlarla ünsiyyətə girmək üçün hər hansı bir xarici dil bilirmi? Bu suala cavab tapmaq üçün Bakıya yeni gətirilən London taksilərinin sürücülərinə belə bir sual ünvanladıq. Taksi sürücülərinə Eurovision mahnı müsabiqəsinə hazırlıq çərçivəsində xarici dil kursları keçirilirmi və ya sizin xarici dil bilməyiniz şərtdirmi? Ölkəmizə gələn turistləri hansı tarixi məkanlarımıza aparacaqsınız? Aldığımız cavablar isə belə oldu:
Sürücü İdris Ağayev: \"Təbii ki, xarici dil bilmək vacibdir. Bununla bağlı bizə kurslar da keçirilir. Özümə görə turistləri lazımı ünvanlara çatdırmaq və onlarla ünsiyyətə girmək üçün lazım olan sözləri bilirəm. İnanıram ki, müsabiqəyə qədər hər şey öz qaydasında gedəcək. Dil bilməyən sürücüləri işdən çıxarılması məsələsi bizdə yoxdur. Ama yaxşı olardı ki, müsabiqəyə görə dil bilən kadrların işləməsi daha məqsədyönlü olardı\". Taksi sürücüsü ölkəmizə gələn turistləri Azərbaycanın tarixi məkanı olan Qobustana aparmağın daha yaxşı olacağını da vurğulayıb.
Xarici dil bilməyin şərt olduğunu deyən sürücülərlə yanaşı, turistləri istədiyi yerə çatdırmaq üçün bir neçə kəlməni bu dildə bilməyin yetərli olduğunu dedilər.
Sürücü Arif Vəliyev isə bildirib ki, turistləri lazımı ünvana çatdırmaq üçün bir neçə kəlmə bilmək kifayətdir: \"Qoy onlar bizim ana dilimizi öyrənsinlər. Yaxud da turistlərin yanlarına tərcüməçi təyin etsinlər. Tarixi məkan olaraq isə onları İçəri şəhər və digər gəzməli- görməli yerləmizə aparardım\".
Taksi sürücülərinin dil bilmələrinin vacib olub- olmadığını Bakı sakinlərindən də öyrəndik. Onlar isə bunun vacib olduğunu vurğuladılar. Bakı sakinlərinin müsabiqə zamanı öhdələrinə düşən vəzifələr nə olacaq? Bu kimi sulların cavablarını isə özünüz görün:
Bakı sakini Ülvü İlyasov: \"Taksi sürücülərinin dil bilməyi olduqca vacibdir. Ümumiyyətlə, dil bilmək hər kəs üçün əhəmiyyətlidir. Bu gün dünyada baş verənləri operativ izləyə bilmək üçün xarici dil önəmlidir. Düşünürəm ki, Eurovision mahnı müsabiqəsində xarici dil bilməyin əhəmiyyəti özünü biruzə verəcək\".
Bakı sakini Rəşad Quliyev: \"Məncə, dil bilmək təkcə Eurovision üçün deyil, elə hər yerdə lazımdır. Amma sırf bu müsabiqədə təbii ki, taksi sürücülərinin məsuliyyəti çox olacaq. Onlar şəhərimizin qonaqları ilə yaxından təmasda olacaqlar. Məhz buna görə də qarşılıqlı anlayışın təmin edilməsi xarici dil səviyyəsindən asılı olacaq. Hər halda ölkəmizdə bu müsabiqəyə yüksək səviyyədə hazırlıq işləri gedir. İnanıram ki, bu sahədə də heç bir problem yaşanmayacaq\".
Bakı sakini Leyla Cəfərova: \"Düzdür, taksi sürücələri bu işdə məsuliyyət daşıyırlar, amma bizlər də öz növbəmizdə eyni məsuliyyəti dərk etməliyik. Eurovision bütün Azərbaycan xalqı üçün əhəmiyyət daşıyır. Çünki bu müsabiqə ölkəmizi, xalqımızı, mədəniyyətimizi və bir çox digər keyfiyyətlərimizi dünya ictimaiyyətinə çatdırmağımıza şərait yaradacaq. Ona görə də, təkcə bu müsabiqə üçün deyil, ümumilikdə xarici dil biliyimizi təkmilləşdirməliyik\".
Qeyd edək ki, məsələyə Nəqliyyat Nazirliyindən də münasibət öyrənməyə çalışdıq, lakin qarşı tərəfdən cavab ala bilmədik.
Eurovision mahnı müsabiqəsinin keçirilməsinə 2 aydan az vaxt qaldı. İnanırıq ki, müsabiqə bütün şəhər əhli tərəfindən tam hazır şəkildə qarşılanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB