Ermənistan seçkilərə ciddi saxtakarlıqla gedir

Ermənistan seçkilərə ciddi saxtakarlıqla gedir

Ermənistanda seçkiöncəsi vəziyyət artıq gərginləşməyə başlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, ölkədə yeni yaradılan www.iditord.org saytına seçkiöncəsi təbliğatla bağlı 42-dən çox şikayət daxil olub. Daxil olan şikayətlər əsasən təzyiq və rüşvət təklifetmə halları ilə bağlıdır. Saytın məlumat təhlükəsziliyi üzrə eksperti Samvel Martirosyan bildirib ki, bu şikayətlər son beş gündə daxil olub: "Daxil olan şikayətlərin sayına görə birinci yerdə İrəvan qərarlaşıb. İkinci pillədə Gümrü şəhəri dayanır".

Eyni zamanda millət vəkili olmaq istəyən "Armekonombank"-ın rəsmisi Saribek Sukisasyan rəqiblərini geridə qoymaq üçün pul siyasətinə keçib. Yerli mətbu orqanlarının yazdığına görə, Saribek hər səsə görə, nə az, nə çox 100 dollar təklif edir. Bu zəmində Ermənistanın ən böyük problemi mühacirətdir. Bu barədə İrəvanda Ermənistan Milli Konqresinin mitinqində çıxış edən Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyan bildirib. Onun sözlərinə görə, 3 ay ərzində Ermənistandan 90 min nəfər mühacirət edib: "Mən hesab edirəm ki, mühacirət Ermənistanın əsas problemidir. Bu satqınlıq və soyqırımı, ölkənin xaincəsinə boşaldılması siyasətidir".

Manukyan qeyd edib ki, hər il yalnız Belçikaya vətəndaşlıq almaq üçün 1400 erməni müraciət edir. Manukyan bəyan edib ki, "ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər\".

O, qeyd edik ki, Ermənistanda parlament seçkisi keçiriləcək və seçkidə səkkiz siyasi partiya mübarizə aparacaq. Ancaq bu ölkədə müşahidə edilən seçkiöncəsi mühit seçkinin şəffaf şəkildə keçirilməyəcəyini deməyə əsas verir. Belə ki, ilk növbədə Ermənistan əhalisinin sayı ilə seçicilər siyahısına adı salınan vətəndaşların sayı arasında fərqi saymaqla bitmir.

Ermənistan Milli Konqresinin lideri, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanda qarşıdan gələn seçkiləri saхtalaşdırmaq üçün əsas resurs kimi seçicilərin şişirdilmiş siyahısından istifadə olunacağını deyib. Onun sözlərinə görə, prezident seçkisinin siyahısından fərqli olaraq hazırda ölkədə seçicilərin sayı 185 min nəfər artıb: "Bu 185 min seçici Vova Qasparyanın Serj Sarkisyana hədiyyəsidir".

Petrosyanın sözlərinə görə, ölkəni tərk edən vətəndaşlar hazırki hakimiyyətə seçkiləri saхtalaşdırmaqda kömək edəcək. Xaricdə olan vətəndaşların səsindən istifadə edərək onlar özlərinə səs qazanacaqlar. EMK-nin nümayəndələri seçkilərdə konqresin devizinin bir neçə variantını müzakirə edirlər. Onlardan biri də "Cinayətkar rejimə bir səs belə verməyək!" şüarıdır.

Bu arada parlament seçkilərinin monitorinqi üçün Milli Yığıncağın rəhbəri Samvel Nikoyanın təşəbbüsü ilə müstəqil məsləhətçi orqan yaradılacaq. Məsləhətçi orqanın yaradılması ilə bağlı məsələnin müzakirə edildiyi iclasda xüsusən "İrs", "Çiçəklənən Ermənistan", "Orinas Yerkir", "Birləşmiş ermənilər", Ermənistan Demokratik Partiyası, Ermənistan Kommunist Partiyası, Ermənistan Respublika Partiyası, Ermənistan İnqilabi Federasiyası "Daşnaksütyun", habelə ABŞ səfirliyi, Aİ, ATƏT, Avropa Şurası, USAID nümayəndələri iştirak ediblər. Yaradılan orqanın əsas məqsədi Seçki Məcəlləsinin şərtlərinin praktikada tətbiqi üzrə monitorinqin keçirilməsi və qanun pozuntularına görə operativ reaksiya göstərilməsidir. Uclaslarında rəhbərlik əlifba sırasıyla növbə ilə həyata keçiriləcək.

Lakin bu addımda hakim klanla müxalifət arasında mövcud qarşıdurmanı aradan qaldıra bilmir. Oturacaq üstündə başlayan soyuq müharibə siyasi müstəvidən təzyiq elementlərinə keçib. Qeyd edək ki, mayın 6-da Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkiqabağı kampaniya rəsmən aprelin 8-də başlayır və mayın 4-də başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə