Bakıda “Boeing-787 Dreamliner” sərnişin təyyarəsinin təqdimatı keçirilib

Bakıda “Boeing-787 Dreamliner” sərnişin təyyarəsinin təqdimatı keçirilib

Bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında ABŞ-ın "Boeing" Korporasiyasının "Boeing-787 Dreamliner" sərnişin təyyarəsinin dünya turnesi çərçivəsində ilk təqdimatı Azərbaycan üçün keçirilib.


SİA-nın verdiyi xəbərə görə, dünya turu çərçivəsində bu təyyarə Cənubi Amerika, Mərkəzi Asiya, Rusiya və Avropanın 5 şəhərinə uçuşlar həyata keçirəcək. Azərbaycan Mərkəzi Asiyada bu hava gəmisinin nümayiş etdirildiyi ilk ölkədir. Eyni zamanda MDB ölkələri və Asiya regionu üzrə ABŞ korporasiyasına "Boeing-787 Dreamliner" sərnişin təyyarəsinin istehsalı ilə bağlı ilk sifarişi 2007-ci ildə məhz Azərbaycan verib. Azərbaycan 2014-cü ildə "Boeing-787-8" tipli iki təyyarə almağı və həmin ildən başlayaraq bu təyyarələrlə Şimali və Cənubi Amerikaya, Cənub-Şərqi Asiyaya və Avropanın bir sıra ölkələrinə uçuşlar həyata keçirməyi planlaşdırır.


Mərasimdə çıxış edən "Boeing"in Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya ölkələrində satış üzrə vitse-prezidenti Martin Bentrott AZAL-la əməkdaşlığı genişləndirməyin onlar üçün çox xoş olduğunu bildirib. Onun sözlərinə görə, bu təyyarə ABŞ aviasiyası tarixində geniş füzelyajlı hava gəmiləri arasında ən çox satılan təyyarədir.


"Boeing-787 Dreamliner"in Heydər Əliyev Beynəlxalq Hava Limanında bir günlük dayanacağı zamanı AZAL-ın kollektivi, KİV nümayəndələri hava gəmisinə ekskursiya edib, salondakı yeni imkanlarla tanış olub, təklif olunan yeni müasir texnologiyalar barədə məlumat alıblar.


Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında "Boeing 787 Dreamliner" avialayneri ilə ilk kommersiya aviareysi yerinə yetirilib. Tokio-Honkonq marşrutu üzrə yerinə yetirilən bu aviareys "Boeing 787 Dreamliner" təyyarəsinin ilk alıcısı olan Yaponiyanın "All Nippon Airways" aviaşirkəti olub.


"Boeing 787 Dreamliner" təyyarəsinin çəkisi Almaniya istehsalı olan "Airbus A330-200" avialayneri ilə müqayisədə 45 ton azdır və 135 ton təşkil edir. Bununla yanaşı, hazırda istismarda olan analoji təyyarələrlə müqayisədə yeni "Boeing"ın yanacaq sərfiyyatı 20%, havaya zərərli tullantıları 20% azaldılıb, istismar xərcləri 10% endirilib. Eyni zamanda "Boeing 787 Dreamliner"in salonu yenilənib və illüminatorlar 65% genişləndirilib, aerodrom rayonunda səs-küyün yayılma əhatəsi 60% azaldılıb. Konstruksiyanın 50%-i kompozisiya materiallarından hazırlanıb.

Təyyarə göyərtəsində 200-250 sərnişinlə enmədən 15 min km məsafəni qət edə bilir. Təyyarənin minimum uçuş məsafəsi enmədən 4560 km, maksimal məsafəsi 15700 km-dir. Təyyarədə sərnişin oturacaqlarının sayı 210-250, 250-290 və 290-330 olmaqla 3 modifikasiyada istehsal edilir. Dünyanın 60 aviaşirkəti tərəfindən 870-dən çox "Boeing-787 Dreamliner" təyyarəsi sifariş verilib


İlkin Nəcəfli

Bütün xəbərlər Facebook səhifəmizdə