Avronest Parlament Assambleyasının (PA) Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitə iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın ərazilərinin işğal olunması məsələsini qaldırıb. SİA-nın verdiyi xəbərə görə, nazir bildirib ki, münaqişənin həlli yalnız Azərbaycanın torpaq bütövlüyü çərçivəsində mümkündür.
İclasda iştirak edən erməni deputatlardan biri Naira Zöhrabyan azərbaycanlı nazirin çıxışına etiraz edib: "Biz yalnız Şaumyan və Mardakert rayonlarının işğalını bilirik, başqa işğal tanımırıq".
Azərbaycanlı deputat Asim Mollazadə isə üzünü E. Məmmədyarova tutaraq Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnaməsinə nə üçün əməl olunmadığını soruşub: "Bunlar bəlkə sənəd yox, adi kağızdır?"
Erməni deputata cavabında E. Məmmədyarov deyib: "Belə anladım ki, burada erməni deputat Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı dediklərimə etiraz edir. Amma mən yeni bir şey demədim. BMT-nin qətnamələrindəki faktları nəzərinizə çatdırdım. Məgər bunlar real sənəd deyil? İşğal-işğaldır. Siz bununla razı olmaya da bilərsiniz, amma bu beynəlxalq hüquq normaları ilə təsdiqlənib".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB