Tarixçi Vaqif Abışov 31 mart soyqırımı tarixinin gizli məqamlarından danışdı-MÜSAHİBƏ

Tarixçi Vaqif Abışov 31 mart soyqırımı tarixinin gizli məqamlarından danışdı-MÜSAHİBƏ

"Azərbaycanlılara, eləcə də türklərə qarşı törətdikləri 31 mart soyqırımının həyata keçirilməsində \"Böyük Ermənistan\" yaratmaq xülyasında olan ermənilər əsas rol oynayırdılarsa, bu böyük oyunun arxasında, bilavasitə başında o dövrün Sovet imperiyası dayanırdı". Bunu SİA-ya açıqlamasında "Azərbaycanlıların soyqırımı" adlı tarixi kitabın müəllifi tarix elmi üzrə fəlsəfə doktoru Vaqif Abışov deyib. Onun sözlərinə görə, Sovet hakimiyyəti öz bölməsini Bakıda yaratmaq üçün Stepan Şaumyandan istifadə edib. Şaumyan isə Rusiyanın niyyətini həyata keçirmək, eləcə də böyük Ermənistan dövlətini yaratmaq niyyətini reallaşdırmaq üçün bütün qüvvəsi ilə çalışırdı. "Tarixi sənədlərdən aydın olur ki, Şaumyan Rusiyadan həm silah, həm də canlı hərbi qüvvə ilə dəstək alırdı. Bir tərəfdən deyirdilər ki, sovet hakimiyyətini qururuq, digər bir tərəfdən də ermənilərin çirkin niyyətlərini həyata keçirməyə dəstək olurdular. Şamuyan da 1917-ci 31 oktyabr və 2 noyabr tarixlərində Bakı Sovetində siyasi hakimiyyəti ələ alandan sonra çalışdı ki, burada öz mövqelərini möhkəmləndirsin. Lakin o buna nail ola bilmirdi, çünki o zamankı Müsavat hökuməti kifayət qədər ona maneə yaradırdı",- deyə Vaqif Abışov bildirib.

Vaqif Abışov deyir ki, bütün bunlarla yanaşı Şaumyanın Bakıda, eləcə də bölgələrdə kütlə arasında nüfuzu sıfıra bərabər idi. Məhz bu baxımdan O 1920-ci ilə kimi Bakıda öz mövqeyini möhkəmlətməsi istiqamətində bir növ fürsət gözləyirdi. Bu illər ərzində dəfələrlə iri və xırda təxribatlar törətsə də ciddi bir məqsədə nail ola bilməmişdir."Şaumyanın azərbaycanlılara qarşı törətdiyi ilk təxribat Azərbaycan tatar süvari polkunun qərargah rəisi olan Talışınskinin Bakı vağzalına gələndə qərargahı ilə bir yerdə həbs edilməsi oldu ki, bu da o zaman cəmiyyətdə böyük narazılıq yaratdı. Evelin gəmisində Lənkərana getmək istəyən Azərbaycan hərbi qüvvələrinin Şaumyanın göstərişi ilə erməni hərbçiləri tərəfindən tərkisilah edilməsi isə sonda qarşıdurmalara gətirib çıxartdı. Artıq uzun müddətdir ki, ciddi hazırlıq işləri görən Şaumyan İrandan, Cənubi Qafqazdan, eləcə də Türkiyədən türklərə qarşı döyüşən bir qrup erməni hərbçilərini artıq Bakıya yerləşdirmişdi. Bununla da 1918-ci ilin mart ayının 31-dən başlayaraq 3 gün müddətində azərbaycanlılara qarşı qanlı qırğınlar törədildi".

Bakı Quberniyası ilə yanaşı ölkəmizin digər bölgələrində də ermənilər tərəfindən həyata keçirilən qırğınlardan danışan tarixçi deyir ki, Sovet imperiyası tərəfindən qurulan plan bütün ölkə üzrə eyni ssenari əsasında həyata keçirilirdi. Bu zaman ermənilərin əsas məqsədi qırğınları törətməklə bu ərazilərdən müsəlman əhalini tamamilə yox etmək, buranın tarixini silməklə öz dövlətlərini yaratmaq idi. Hətta Türkiyə ərazisində erməni dövlətinin qurulması ilə bağlı Leninin imzası ilə göstəriş də verilmişdir. "Bakı Quberniyası üzrə 1918 ci ilin mart-sentyabr aylarında 50 min, Bakıda 12 min, Şamaxıda 8 min, Qubada 16 min, Gəncə quberniyasının Zəngəzur qəzasında 115 kənd dağıdılıb, 2096-sı uşaq olmaqla 7729 nəfər qətlə yetirilib. Bunlardan 2276 nəfəri qadın, 3200 nəfəri kişi idi. Ümumilikdə Cənubi Azərbaycanda 130 min azərbaycanlı öldürülmüşdü".

Qeyd edək ki, Mart soyqırımı zamanı Bakı Quberniyası üzrə 1918-ci ilin iyunun 15-dən yaradılmış Fövqəladə Tədqiqat Komissiyasının topladığı tarixi sənədlərdə 3500 səhifədən ibarət 36 cilddə hüquqi sənədlər öz əksini tapmışdır. Burada öldürülən insanların siyahısı, əhaliyə və ölkəyə dəyən maddi ziyanın hesabatı toplanıb. Son günlər tarixi həqiqətləri üzə çıxartmaq üçün Milli Elmlər Akademiyasının Tarix İnstitutu Moskva, İngiltərə və Fransadan gətirilən tarixi sənədlərin üzərində xüsusi araşdırmalar aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə