Qənirə Paşayeva Almaniyanın Nürnberq şəhərində təşkil ediləcək konfransda iştirak edəcək
Millət vəkili, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) və Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva 31 mart-Azərbaycanlıların soyqırım günü ilə bağlı Almaniyanın Nürnberq şəhərində təşkil ediləcək konfransda iştirak edəcək və məruzə ilə çıxış edəcək.
SİA-nın verdiyi xəbərə görə, konfransın keçirilməsində məqsəd 31 mart 1918-ci il tarixidə azərbaycanlıların ermənilər tərəfindən törədilən soyqırıma məruz qalmaları, Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırım siyasətinin bu gün də davam etməsi haqqında ətraflı məlumat verməkdir.
Millət vəkili Qənirə Paşayeva "Avropada fikir özgürlüyü ne kadar" adı altında toplantıda tədbir iştirakçıları ilə öz fikirlərini də bölüşəcək və müzakirələrdə çıxış etməklə bərabər iştirakçıların suallarını da cavablandıracaq.
Almaniyanın Nürnberq şəhərində keçiriləcək konfrans Nürnberq çevrəsi Türk Toplumu (N.C.T.T. ) tərəfindən təşkil edilir. 14 dərnəkdən ibarət olan bu Türk Toplumuna xaricdə fəaliyyət göstərən Azərbaycan və türk vətəndaşlarının qurduqları cəmiyyətlər, Balkan dərnəkləri kimi digər dərnəklər daxildir.
Konfrans çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) \"Hocalı Soykırımı: Tanıkların dilinden\" kitabının, habelə millət vəkili Qənirə Paşayevanın "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının təqdimatı da keçiriləcək.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayevanın səfər çərçivəsində bu ölkənin bəzi rəsmi şəxsləri, yerli dövlət qurumları, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri ilə görüşləri də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB