Paytaxtın bəzi yollarında təmir səbəbi ilə nəqliyyat məhdudiyyəti olacaq
Bakında müxtəlif küçələrin təmirinə başlanılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, təmir-yenidənqurma işləri ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər olacaq. Ona görə də bəzi yollarda sıxlıq yaranmaq ehtimalı var.
V. Əsədov bildirib ki, sürücülərin həmin istiqamətlərdən nisbətən az istifadə etməsi məsləhətdir: "Azadlıq prospektinin Mirqasımov küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsinədək asfalt örtüyü çəkilir. Bu ərazidə yol bağlanmasa da, sıxlıq olacaq. Zorge küçəsinin Nizami küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsinədək olan hissəsində isə əsaslı asfaltlama işi görülür. Yol nəqliyyatın hərəkəti üçün bağlıdır. Bundan başqa, Sabunçu dairəsi - Zabrat - Maştağa yolunda da əsalı təmir işlərinə başlanıb. Bu yol boyunca kommunikasiya xətləri də yenilənir və nəticədə nəqliyyatın hərəkətində sıxlıq yaranıb".
Bölmə rəisi Bakının ən böyük küçələrindən olan Şərifzadə küçəsinin də təmirinə başlandığını qeyd edib: "Həmin küçənin "Günəş petrol" adlanan hissəsindən İctimai Televiziyanın binasınadək olan hissədə asfalt çəkilir, səki daşları yenilənir, hazırda isə xətləmə işləri həyata keçirilir. Yaxın vaxtlarda küçə açılacaq və sürücülərin istifadəsinə veriləcək. Həmçinin, Mikayıl Müşfiq dairəsinin Mətbuat prospekti ilə kəsişməsindən Badamdar qəsəbəsi istiqamətində, Qurd qapısı adlanan yerdən 3-cü kənar dairəvi yolu boyunca sağ və sol tərəfdə yeni hasarların qurulması, piyada zolaqlarının salınması, yolun enləndirilməsi işləri görülür. Yol boyunca müxtəlif tikinti materialları tökülüb və bu da sürücülərin diqqətindən yayınmamalıdır".
V. Əsədov vurğulayıb ki, təmir-yenidən qurma işləri başa çatanadək paytaxt yollarında bu kimi sıxlıqlar yaranacaq, odur ki, əvvəlcədən sürücülərdən bunları nəzərə almaları xahiş olunur.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB