Azərbaycanın milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramını qeyd edirlər
Əsası 92 il əvvəl qoyulan milli təhlükəsizlik orqanları bu gün peşə bayramını qeyd edir. Belə ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı - kəşfiyyat və əks kəşfiyyat bölməsi təşkil olunub. SİA-nın məlumatına görə, bununla da Azərbaycanın maraqlarının, mənafelərinin və təhlükəsizliyinin etibarlı təminatçısı olan milli təhlükəsizlik orqanları yaradılıb. Daha sonra isə 1997-ci ildə Heydər Əliyevin sərəcamı ilə bu gün milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi rəsmiləşdirilib. Azərbaycanın təhlükəsizlik orqanlarının tarixini üç dövrə - Azərbaycan Demokratik Respublikası, Sovet İttifaqı və müstəqil Azərbaycan dövrünə bölmək olar. 1918-ci ildə ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycanın coğrafi-starateji mövqeyi, regionda cərəyan edən hərbi siyasi proseslər kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılmasını zəruri edir. Ona görə də, 1919-cu il martın 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladığı əmrlə hərbi nazirlikdə əks-kəşfiyyat bölməsi yaradılır. Bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldir. 1919-cu il aprelin 13-də isə Azərbaycan hökuməti mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyatın müzakirəsinə başlayır. Həmin ilin iyununda "Əksinqilabla mübarizə" təşkilatı yaradılır. Azərbaycan xüsusi xidmət orqanını ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar olub. Bu qurum xarici xüsusi xidmət orqanları ilə mübarizə aparıb. Milli kəşfiyyat idarəsi fəaliyyəti 1920-ci il aprelin 28-dək davam edir. Bolşeviklər Bakını işğal etdikdən sonra Azərbaycan hökuməti ilə yanaşı "Əksinqilabla mübarizə" təşkilatı da buraxılır. 1920-ci ildə bolşevik hakimiyyətinin qərarı ilə yeni xüsusi xidmət orqanı yaradılır. "Azərbaycan fövqəladə komissiyası" adlandırılan bu qurumun ilk rəhbəri Baba Əliyev təyin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB