Azərbaycanlıların Çanaqqala savaşında qəhrəmanlığı unudulmur - FOTO

Azərbaycanlıların Çanaqqala savaşında qəhrəmanlığı unudulmur - FOTO

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) nümayəndə heyəti 13-20 mart 2012-ci il tarixlərində Türkiyə Cümhuriyyətində səfərdə olub. Səfərdə məqsəd Türkiyənin İstiqlal Savaşında iştirak etmək, eləcə də tarixi Çanaqqala zəfərinin əldə olunmasında qəhrəmanlıq göstərmiş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində araşdırmaların aparmaq, rəsmi görüşlər keçirmək, eləcə də şəhidləri anma günü və Çanaqqala zəfərinin 97-ci ildönümü tədbirlərində iştirak etmək olub. SİA-nın verdiyi məlumata görə, Ankarada keçirilən görüşlərdə BDM sədri İsmayıl Ağayev və Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Sürəddin Hümbətov Türkiyə Cümhuriyyəti Başbakanlık Arxiv İdarəsində və Müdafiə Nazirliyinin arxivində Birinci Dünya Müharibəsi zamanı azərbaycanlıların iştirakı ilə bağlı sənədlərlə tanış olublar və bu istiqamətdə lazımi məlumatları əldə ediblər.

Nümayəndə heyəti hakim AK Partiyasının sədr müavini Haluk İpək tərəfindən qəbul edilib. Keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətləri ətrafında söhbət aparılıb və azərbaycanlıların Türkiyənin İstiqlal Savaşında mübarizəsi müzakirə olunub. Ankarada keçirilən görüşlərdə Azərbaycanın Ankaradakı səfirliyi yaxından iştirak edib və lazımi dəstək göstərib.

Daha sonra nümayəndə heyəti Çanaqqalada keçirilən tədbirlərə qatılıb, şəhidlərin xatirəsinə Azərbaycan adından əklil qoyulub. Çanaqqala Valiliyində Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məsələsi İsmayıl Ağayev və Sürəddin Hümbətov tərəfindən Türkiyə rəsmilərinin diqqətinə çatdırılıb. Səmimi keçirilən görüşün sonunda Baş nazirin müavini Bülənt Arınça, Daxili İşlər naziri İdris Naim Şahinə və Çanaqqala valisi Güngör Tunaya Azərbaycan adından hədiyyələr təqdim olunmuş və mətbuat nümayəndələri qarşısında Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı açıqlamalar verilib.

Səfərin sonunda nümayəndə heyəti Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov tərəfindən qəbul edilib. Eyni zamanda İstanbuldakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Arxiv İdarəsində azərbaycanlıların Birinci Dünya Müharibəsindəki iştirakı ilə bağlı sənədlərlə tanış olunub və buradan da lazımi məlumatlar əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə