İqor Popov: “Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh müqaviləsinin bazası üzərində iş aparılır”
"Son bir il ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında üç görüş keçirilib. Bu görüşlərdə preizdentlər onlarda fikir ayrılıqları yaradan məsələlər üzrə mövqelərini dəqiqləşdirə biliblər. Artıq razılaşdırılan məsələlərlə müqayisədə onlar çox da deyil, lakin həmin məsələlər daha mürəkkəbdir". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov RİA "Novosti" agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh müqaviləsinin bazası üzərində iş aparılır. Vasitəçilərin rolunun böyük olduğunu vurğulayan İ.Popov deyib ki, razılıq əldə etmək, ilk növbədə, münaqişə tərəflərinin özlərinin xoş məramından asılıdır: "Son illər Azərbaycan, Rusiya və Ermənistan prezidentləri formatında da çıxış yolları axtarmağa çalışmaq məqsədilə Rusiya hakimiyyətinin özünün Bakı və Yerevan ilə münasibətlərindən istifadə edir. Bu yolda vacib mərhələ 2008-ci ildə qəbul edilmiş Moskva bəyannaməsi olub. Bu, münaqişənin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin imzası olduğu ilk və hələlik yeganə sənəddir. Sənəddə tərəflərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanması ilə regionda sabitlik və təhlükəsizlik şəraitinin yaradılmasını təmin etmək niyyəti dəqiq ifadə olunub".
İ.Popovun sözlərinə görə, ziyalılar, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun bərpa edilməsi iki qonşu xalq arasında "körpülərin salınması"na kömək edir: "Lakin hazırda Rusiyanın həmsədrliyinin əsas məqsədi digər həmsədr ölkələr ilə münaqişənin nizamlanmasının əsas prinsipləri üzərində işdə tərəflərə kömək göstərməkdir. Prezidentlərin görüşləri arasındakı fasilələrdə xarici işlər nazirləri işləyir. Onların görüşü daimi xarakter daşıyır. Tərəflərə variantlar təqdim edilir. Kollektiv şəkildə mümkün güzəştlərin axtarışı aparılır. Ümid edirəm ki, tərəflərin konstruktiv yanaşması halında, əvvəlki illə müqayisədə bu il irəliləyiş olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB