Milli Parkda Novruz şənliyi keçirilib - REPORTAJ

Milli Parkda Novruz şənliyi keçirilib - REPORTAJ

Elimizə bahar gəlir,

Novruz gəlir,yaz gəlir.

Bu gün hər kəsin dilində bu cümlələr səslənir. Novruz bayramını qeyd etmək üçün ölkəmizin bütün regionlarından, kənd və şəhərlərindən insanlar Bakıya Dənizkənarı Milli Parka axışmışdı. Milli geyimli uşaqlar meydanda rəqs edir, incəsənət ustalarının Azərbaycanı tərənnüm edən mahnılarını ətrafa yayır, bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradırdı.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıb sanki Bakının keşiyini çəkirdilər. Tarixi qəhrəmanımız olan Dədə Qorqud isə öz növbəsində xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayrdı. Milli Park ərazisində hər addım başı Novruzun atributları olan səmənilər, kosa və keçəl, Novruzu tərənnüm edən plakatlar göz oxşayırdı. Istirahətə gələnlərin daha çox diqqətini isə kosa və keçəlin məzəli deyişmələri cəlb edirdi.

Bayram təntənəsinə müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də xüsusi maraq qatırdı. Ölkənin bütün rayonlarını təmsil edən milli tədbir iştirakçılarından hər kəs öz yerli məhsullarını ağız dolusu tərif edərək numayiş etdirirdilər. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib.

İsmayıllı rayonunun Lahıc kəndindən gətirilən maddi-incəsənət nümunələri bayram tədbirinə qatılan insanların daha çox diqqətini çəkə bildi.Misdən və qalaydan hazırlanmış tarixi əşyalar sərgiyə xüsusi rəng qatırdı.

Ölkəmizin idmançı pəhləvanları da bayram şənliyində öz məharətlərini nümayiş etdirənlər sırasında iudılər. Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları tamaşaçıların xüsusi diqqətini çəkdi.

Dənizkənarı Bulvar İdarəsinin rəis muavini Nazim Məcidov deyir ki, Milli Park ərazisində təşkil edilən Novruz tədbirləri mart ayının 27-nə kimi davam edəcək. Bayram tədbiri axşam saatlarında atəşfəşanıqla bu günlük başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə