Faiq Niftiyev: “Bayılda baş verən uçqunu sürüşmə adlandırmaq olmaz\"

Faiq Niftiyev: “Bayılda baş verən uçqunu sürüşmə adlandırmaq olmaz\"

"Əlibəyov qardaşları 10 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında qeydə alınan uçqunu sürüşmə adlandırmaq olmaz. Çünki həmin ərazi sürüşmə zonasına daxil deyil. Baş verən hadisə isə sadəcə istinad divarında olan çökmədir". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, sözügedən ərazidə bir neçə il əvvəl də istinad divarlarında çökmə baş vermişdi. Lakin o zaman süni şəkildə divarın arxa hissəsinə torpaq tökülərək çökmənin qarşısı alınmışdı. "Həmin ərazidə drenaj sistemi olmadığından yeraltı sular ərazini yuyaraq uçqun əmələ gətirib. Hazırda əraziyə baxış keçirilib və qərara alınıb ki, sözügedən ərazidə yeni standartlara uyğun istinad divarlarının tikilməsi zəruridir. Bunun üçün tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub göndəriləcək. Nazirlik isə aidiyyatı üzrə müraciəti Nazirlər Kabinetinə ünvanlayacaq ki, həmin ərazidə istinad divarları yenisi ilə əvəz edilsin".

Qurum rəsmisi onu da bildirdi ki, paytaxt ərazisində sürüşmənin aktiv zonalarında hər gün reydlər aparılır. Bakıda ən aktiv sürüşmə zonası isə bir neçə həftə ərzində Əhmədli ərazisində qeydə alınıb ki, artıq burada da stabilləşmə prosesi gedir. Bununla yanaşı Masazır, Bayıl, Binəqədi, Zığ ərazilərində qeydə alınan sürüşmə faktlarında ötən aylara nisbətən bir qədər stabilləşmə mövcuddur.

Qeyd edək ki, ötən gecə Səbail rayonu Əlibəyov qardaşları küçəsi 10 saylı binanın qarşısında sürüşmə qeydə alınıb. Hadisə zamanı binaya ziyan dəyməsə də yaşayış evinin həyətində olan bir neçə tikili uçqunun qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə