Millət vəkili: “İnkar qanunu” ilə bağlı Fransua Ollandı da Sarkozinin aqibəti gözləyir”
"Fransada prezident seçkiləri dövrü yaxınlaşdıqca mövcud namizədlər səs toplamaq üçün müəyyən üsullardan istifadə edir. Məhz Fransa prezidenti Nikola Sarkozinin rəqibi Fransua Ollandın \"inkar qanunu\"nu yenidən gündəmə gətirəcəyinə söz verməsi də bu üsullardan biridir". SİA-nın məlumatına görə, millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, Fransanın mövcud iqtidarı prezident seçkilərində bir neçə yüz min əlavə səs təmin etmək üçün erməni diasporunu həvəsləndirməyə çalışır: "Konstitusiya Şurası qondarma \"erməni soyqırımı\"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunun Fransa Konstitusiyasının 33-cü maddəsinə və söz azadlığına zidd olduğunu əsas gətirərək ləğv etdikdən sonra Sosialist Partiyasının lideri Fransua Olland söz verib ki, prezident seçiləcəyi təqdirdə bu qanun layihəsini təkrar gündəmə gətirəcək. Nikola Sarkozinin seçki kartı kimi istifadə etdiyi qondarma \"erməni soyqırımı\"na dair qanun layihəsini Ollanda istifadə etməyə başlayıb. Lakin Ollandı da Sarkozinin aqibəti gözləyir və yenə də ermənilərin istəyi ürəyində qalacaq. Burada iki əsas namizəd Sarkozi və Ollandın lehinə verilən səslərin nisbəti daha əhəmiyyətlidir. Onlardan biri kifayət qədər üstünlüyə malik olsa, erməni diasporunun səslərinə böyük əhəmiyyət verməyə bilər\". Millət vəkili deyir ki, həmçinin Fransa bu qanunu yalnız erməni diasporunun səsləri naminə qəbul etmir. Bu, Türkiyə ilə münasibətlərində müəyyən maraqlarına nail olmaq məqsədilə Fransanın erməni amilini önə çıxarması kimi də nəzərdən keçirilir: "Lakin Ermənistan Fransa-Türkiyə münasibətlərinə müdaxilə etməsə, daha yaxşı olar. Dünya siyasəti xüsusi maraqların müdafiəsinin düzgün mexanizmi üzərində qurulub, hər bir ölkə istənilən strateji hərəkətlərini öz xüsusi qlobal maraqlarına nail olmaq məqsədi ilə edir. Ermənistan ilk növbədə öz qlobal marağını düzgün formalaşdırmayıb. Çünki öncə strategiya qurmalıdır. Bunu üçün isə erməni siyasətində diplomat kimi fəaliyyət göstərən şəxslər yoxdur. Odur ki, onlar hər zaman dünya siyasətində alətə çeviriləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB