Dünya ermənilərin Şamaxıda törətdiklərindən xəbər tutacaq

Dünya ermənilərin Şamaxıda törətdiklərindən xəbər tutacaq

Bu gün "Həyat Park" otelində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupun təşkilatçılığı ilə "İnsanlıq əleyhinə cinayətlər: Şamaxı Soyqırımı" mövzusunda "dəyirmi masa" keçirilib.

SİA-nın verdiyi xəbərə görə, "dəyirmi masa"da Milli Məclisin deputatları, ictimai təşkilatların rəhbərləri, elm xadimləri və ziyalılar iştirak ediblər.

AVCİYA-nin prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov çıxış edərək ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən, erməni millətçilərinin 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda və respublikamızın digər bölgələrində törətdikləri qırğınlardan danışıb. Bildirilib ki, erməni silahlı dəstələrinin 1918-ci ildə Azərbaycanda törətdikləri qırğınlar əsl soyqırımıdır. Təəssüf ki, ermənilərin ötən əsrin əvvəllərində törətdiyi bu qanlı cinayətlər tam tədqiq olunmamış və dünya ictimaiyyətinə çatdırılmayıb. Bu məsələni diqqətdə saxlayan AVCİYA bir sıra araşdırmalar aparıb, "Şamaxı soyqırımı -1918" adlı kitab nəşr etdirib. Bu istiqamətdə tədbirlər davam etdiriləcək, beynəlxalq təşkilatlara müraciət ünvanlanacaqdır.

Sonra tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı "XX əsr erməni cinayətləri: 1918-ci il Şamaxı soyqırımı", tarix elmləri doktoru, professor, AMEA Tarix İnstitutunun şöbə müdiri Qasım Hacıyev "Azərbaycanlıların genosidi tarixinin aktual problemləri", sənətşünaslıq üzə fəlsəfə doktoru Minaxanım Əsədli "Azərbaycanın maddi-mədəniyyət abidələrinə qarşı erməni vandalizmi" mövzularında məruzə ediblər.

Məruzələr ətrafında çıxışlar olmuş, müzakirələr aparılıb.

Çıxışlarda qeyd olunub ki, ermənilər Şamaxıda dəhşətli qəddarlıq nümayiş etdirmiş, qadınları, qocaları və körpə uşaqları belə qılıncdan keçiriblər. Şamaxıda minlərlə uşaq qətlə yetirilib. XX əsrin əvvəllərində törədilən bu hadisələr ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri əsl soyqırımı aktı idi.

Müzakirələrə yekun vuran AVCİYA-nin prezidenti Elxan Süleymanov qeyd edib ki, ermənilərin 1918-ci ildə Azərbaycanda, xüsusən də Şamaxıda törətdikləri soyqırımı ilə bağlı xarici ölkələrdə də tədbirlər təşkil olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə