New York Times: “Qarabağ münaqişəsində status kvonu saxlamaq seçim deyil”

New York Times: “Qarabağ münaqişəsində status kvonu saxlamaq seçim deyil”

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihəsi direktoru Laurons Skot Şits (Lawrence Scott Sheets) New York Times qəzetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Hər zaman qaynaya bilən donmuş münaqişə" başlıqlı yazı dərc etdirib. SİA-nın xəbərinə görə, yazıda münaqişənin başlama tarixi və səbəblərinə qısa nəzər salınıb. Daha sonra müəllif münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupundan yazıb: "Rusiya, Fransa və ABŞ Minsk qrupunun həmsədr dövlətləridir. Lakin Rusiya Ermənistanı müttəfiqi elan edib. Azərbaycanın NATO üzvü olan Türkiyə ilə hərbi əlaqələri var. Hər ikisilə sərhəddə yerləşən İran isə böyük "Cokerdir". Tehran Bakını, əhalisinin çoxu şiə müsəlmanı olmasına baxmayaraq, Azərbaycanın sekulyar təmayülünə, İsraillə yaxın əlaqələrinə görə qısqanclıqla qarşılayır və İranın böyük azərbaycanlı azlığı arasında separatçı tendensiyalardan qorxur. İranın xristian Ermənistanla daha yaxşı münasibətləri var. Məsələ nə olursa olsun, müttəfiqlərin bu cür ittifaqı gözlənilməz nəticələr verən yeni tammiqyaslı münaqişəyə zəmin ola bilər.

Həm Ermənistan, həm də iqtisadiyyatını inişafından ruhlanan Azərbaycan çoxu Rusiya istehsalı olan müasir silahlar alır. Onların arasında şəhər və kəndləri 72 kilometr məsafədən vura bilən Smerç (Rusiyanın \"Tornado\" versiyası) raket sistemi də var".

Müəllif qeyd edib ki, atəşkəsə baxmayaraq, ön cəbhədə atışmalar hər il onlarla insanın ölümünə və yaralanmasına səbəb olur. Əks cəbhələrin xəndəkləri bir-birinə o qədər yaxınlaşıb ki, hər iki tərəfdən əsgərlər bəzən bir-birinə daş atır: "Yalnız altı beynəlxalq müşahidəçi hərdənbir əraziyə baş çəkir. Heç bir istintaq mexanizmi yoxdur və snayperlər ərazidə yaşayan dinc sakinlərə atəş açır".

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihəsi direktoru bildirib ki, status kvonu saxlamaq seçim deyil: "Tərəflər beynəlxalq təzyiq altında kompromisə və beləliklə sülhə getməlidir. Əks halda daha intensiv zorakılıq baş verəcək və regional güclərin müdaxiləsi təhlükəsi artacaq. Dünya liderləri bu təhlükə, yeni müharibənin yarada biləcəyi qaçqın axını, kəsiləcək enerji təchizatı, dağıntılar və insan tələfatı haqda düşünməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə