Vahid Əhmədov: “Prezident Rauf Həbibovun istefasını qəbul edib” - MÜNASİBƏT
52 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov martın 1-i saat 19 radələrində mətbuata açıqlama verib. O, Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefa verdiyini təsdiqləyib və bildirib ki, prezident İlham Əliyev bu istefanı qəbul edib. Vahid Əhmədov hazırda Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin və nəqliyyat naziri Ziya Məmmədovun da rayonda olduğunu qeyd edib.
Deputat bildirib ki, rayonun Qələdüz kəndində də gərginlik yaşanıb: "Deyirlər burada Rauf Həbibovun qayınının evi və iri həcmdə torpaq sahəsi var. Əhali həmin evə hücum edirdi. Adamlar kənddə Rauf Həbibovun qayınına məxsus olduğu deyilən iri hasarı sökmək istəyirdilər, çünki o hasar yolu bağlayır. Nəqliyyat naziri əhaliyə söz verdi ki, hasar martın 2-də söküləcək. Mən də camaatla söhbət apardım və kənddə sabitliyi bərpa etdik".
Aksiyalar zamanı saxlanılan bütün şəxslərin sərbəst buraxıldığını deyən Vahid Əhmədov Rauf Həbibovun bu dəqiqlərdə Qubada olub-olmadığını bilmədiyini söyləyib: "Amma artıq belə razılığa gəlinib ki, o, əhalidən üzr istəsin, vidalaşsın və rayonu tərk etsin. İndi biz Qələdüz kəndindən qayıdırıq. Rauf Həbibov yanımızda yoxdur. Ona görə də onun indi rayonda olub-olmadığını deyə bilmərəm".
Vahid Əhmədov qeyd edib ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin səlahiyyətləri başçının birinci müavini Sahib Məmmədova keçib. 51 yaşlı Sahib Məmmədov Quba rayonunun İqriq kəndində anadan olub.
Qeyd edək ki, martın 1-də Qubada icra hakimiyyəti başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Bugünlərdə internetdə Rauf Həbibovun çıxışının videosu yayılıb. Həmin çıxışda başçı qubalıların ünvanına bir sıra ittihamlar səsləndirib. Etiraz aksiyasına bu çıxış səbəb olub.
Rauf Həbibov Qubanın icra başçısı postuna 2007-ci ildə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB