Mübariz Qurbanlı: “Qəbələ RLS-nin icarə haqqı zaman baxımından yeniləşmə tələb edir”

Mübariz Qurbanlı: “Qəbələ RLS-nin icarə haqqı zaman baxımından yeniləşmə tələb edir”

Bu il Qəbələ RLS-in icarəsinə dair Rusiya ilə Azərbaycan arasında imzalanmış 10 illik sazişin müddəti başa çatır. SİA-nın xəbərinə görə, Moskva müqavilənin müddətini 25 il artırmaq istəyir, bununla bağlı Bakıda aparılan danışıqlarda razılaşma əldə olunub. İcarə haqqı – illik 7 mln. dollar təşkil edir. Xəbər verildiyi kimi, Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov 2011-ci ilin iyul ayında Bakıda keçirilən danışıqlar zamanı Rusiyanın Qəbələ RLS-in icarəsi ilə bağlı yeni sazişin hazırlanması barədə razılığa gəldiyini demmişdi. Lakin icarə haqqının qiyməti açıq olaraq qalırdı. Lakin Rusiya mətbu orqanları Azərbaycanın Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarə haqqını 40 dəfə qaldırmaq niyyətində olması haqda yazılar dərc edib. Bu qiymətin Rusiyanı qane etmədiyi qeyd olunub. Rusiyanın əsas istəyi isə 2017-2019-cu illərə qədər inşası gözlənilən "Voronej-VP" yeni radiolokasiya stansiyasının tikintisinə qədər Qəbələ RLS-nin istifadə müddətini uzatmaqdır. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, Rusiyanın ödədiyi indiki icarə haqqı olduqca aşağıdır və Azərbaycan tərəfinin əsas istəklərindən biri də məhz icarə haqqını artırmaqdır. Onun sözlərinə görə, danışıqların aparılması zəruridir. Belə ki, Qəbələ RLS-i ilə əlaqədar icarə haqqı zaman baxımından yeniləşmə tələb edir: "Çünki, bu gün Qəbələ RLS-in icarəsi ilə bağlı Rusiya tərəfindən ödənilən məbləğin rəqəmləri müqavilənin imzalandığı dövrə ilə bağlı dəyişməyə məhkumdur və Azərbaycan tərəfinin bununla bağlı məsələ qaldırması normaldır və haqlıdır.".

Millət vəkili hesab edir ki, Qəbələ RLS Azərbaycanla Rusiya arasındakı münasibətlərə hansısa problem yaradan mövzu deyil. Çünki, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsində münasibətlər mövcuddur: " Qəbələ RLS-i üzrə aparılan danışıqlar ölkələrimiz arasında münasibətlərə xələl gətirməyəcək. Bu danışıqlar normal məcrada davam edir. Ortaq məxrəcə gəlinərək konsensus şəklində müəyyən qərar qəbul ediləcəkdir. Hesab edirəm ki, Qəbələ RLS bizim ölkələrimiz arasında problem deyil".

Qeyd edək ki, yaxın günlərdə Qəbələ RLS-in icarəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqların növbəti raundu Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə