Pakistan İslam Respublikası Senatının üzvləri bu gün Milli Məclisdə mətbuat konfransı keçiriblər. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Pakistan Senatının sədr müavini Mir Can Camali Pakistanın Azərbaycanla əlaqələrinə hər zaman böyük önəm verdiyini, ölkəmizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, Azərbaycanla siyasi əlaqələrin kifayət qədər sıx olduğunu söyləsə də, digər sahələrdə, xüsusilə iqtisadi cəhətdən əlaqələrin zəif olduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycanla bir çox sahələrdə, o cümlədən mədəni, elm, təhsil, iqtisadi sahələrdə əlaqələrin qurulması niyyətində olduqlarını bildirib.
Pakistanın hazırkı ictimai-siyasi durum ilə bağlı məlumat verən Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri Səlim Seyfullaxan qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biridir: "Pakistan eyni zamanda Ermənistanı tanımayan dövlətlərdən biridir. Hər iki ölkə təcavüzün qurbanı olub. Kəşmir ətrafında olan münaqişə zamanı təxminən 70 mindən çox insan həlak olub. Bu münaqişə ilə bağlı, yəni Kəşmirin azadlığa qovuşması ilə əlaqədar 1987-ci ildə BMT qətnamə qəbul edib. Təəssüflər olsun ki, Kəşmir əhalisi hələ də öz azadlıqlarına qovuşa bilməyib. Biz bunun uğrunda mübarizə aparırıq. Biz Kəşmir uğurunda Hindistanla indiyə qədər 4 müharibə aparmışıq. Düşünürük ki, bundan sonra müharibə aparmağın xeyri yoxdur. Çünki müharibə heç bir xalqa xeyir gətirməyib. Siz də Dağlıq Qarabağla bağlı eyni hadisə ilə üzləşmisiniz. Biz də bu münaqişənin sülh yolu ilə həllində hər zaman Azərbaycanın yanındayıq".
Konfransda Pakistan Senatının digər üzvləri də çıxış ediblər. Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycanla Pakistan arasında iqtisadi, hərbi əlaqələr qurulmalı, inkişaf etdirilməlidir. Artıq azərbaycanlı iş adamlarının Pakistanda sərmayə yatırmaqlarının vaxtı çatıb, eyni zamanda pakistanlı iş adamları da burada yatırımlar etməlidirlər. Müdafiə sənayesi sahəsində əlaqələr qurulmalıdır. Pakistan hazırda döyüş təyyarələri, tanklar istehsal edir. Maliyyə imkanları daha çox olarsa digər döyüş sursatları da istehsal oluna bilər.
Konfransda həmçinin Pakistan Senatının Xocalı soyqırımının tanınması məsələsinə də toxunulub. Qeyd olunub ki, soyqırımla bağlı qanun layihəsi parlamentdə təmsil olunan 17 siyasi partiyanın yekdil səsi ilə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB