Mübariz Qurbanlı: “Görəsən, Almaniya mətbuatı hansı maraqlar naminə Azərbaycan həqiqətlərini yazmaqdan qorxur”

Mübariz Qurbanlı: “Görəsən, Almaniya mətbuatı hansı maraqlar naminə Azərbaycan həqiqətlərini yazmaqdan qorxur”

"Xocalıda törədilən faciə beynəlxalq cinayətdir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilən bugünkü xüsusi iclasında millət vəkili Mübariz Qurbanlı deyib.

M.Qurbanlı Xocalı soyqırımının 20 illiyi münasibəti ilə prezidentin Azərbaycan xalqına müraciətinin bu gün mətbuatda dərc olunduğuna diqqət çəkib: "Həmin müraciətdə də Xocalı soyqırımının törədilməsi və onu törədənlərin cəzalandırılmasının zəruriliyi məsələləri aydın şəkildə öz əksini tapıb. İlk dəfə olaraq Xocalıda ermənilərin törətdikləri bu hadisələr prezidentimizin müraciətində faşist əməli kimi qeyd olunub. Bu həqiqətən də bir faşist əməli idi. Bu erməniliyin zirvəsi idi, erməniçilik ideologiyasının, erməniliyin hansı əməllərə məxsus olduğunu göstərən bir hadisə idi. Xocalıda törədilən bu vəhşilik, bu soyqırımı hadisəsinin səbəbkarları öz cəzasını alacaq. Bu hadisənin dünyaya çatdırılması ilə əlaqədar da xeyli işlər görülüb və bundan sonra görülməlidir".

Millət vəkili vurğulayıb ki, biz Ermənistanla müharibə vəziyyətindəyik, müharibə hələ bitməyib: "Ermənistan öz ərazisinin 70 faizə qədərinə yaxın Azərbaycan torpaqlarını işğal edib. Belə olan şəraitdə işğalçı dövlət nəyin bahasına olursa olsun, özünümüdafiə üçün müxtəlif vasitələrə əl atır. Təbii ki, burada da erməni lobbisindən, erməni havadarlarından istifadə edilir. Çox təəssüf ki, bəzi xarici təşkilatlar, bəzi xarici ölkələrin siyasətçiləri erməni havadarlarının qurduğu bu və ya digər tələyə düşür və yaxud bir sıra hallarda Azərbaycana təzyiq göstərmək, Azərbaycandan nə isə qoparmaq, Azərbaycanın yeritdiyi siyasətə təsir göstərmək üçün ermənilərin bu təbliğatından bizə qarşı istifadə olunur. Son vaxtlar Almaniyanın kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı həqiqətdən uzaq, heç bir reallığa söykənməyən, qeyri-obyektiv, qeyri-demokratik , sifarişli yazılar dərc edilir. Görünür erməni diasporu alman mətbuatını daha tez ələ ala bildiklərindən öz yalanlarını bu ölkənin mətbuatında dərc etdirmək istəyiblər və buna nail olublar. Əgər burada ədalətli media var idisə, Xocalı soyqırımının 20 illiyi ərəfəsində faciə ilə bağlı materiallara da yer verməli idilər. Amma çox təəssüf ki, öz marağını nəzərə alan bəzi alman qəzetləri obyektiv addım atmaq həvəsində olmadıqlarını göstərdilər. Əksinə Azərbaycanın əleyhinə yazılmış qərəzli materiallara geniş yer verildiyini görməkdəyik. Görəsən, Almaniya mətbuatı hansı maraqlar naminə Azərbaycan həqiqətlərini yazmaqdan qorxur. Çox təəssüf ki, Azərbaycanın belə kədərli günündə daxildəki bəzi siyasi qruplar, partiyalar, xalq arasında heç bir nüfuzu olmayan dairələr də həmin qüvvələrlə sinxron şəkildə fəaliyyət göstərirlər. Burada Xocalı kimi ibrət dərslərindən danışıldı. Ən böyük ibrət dərsi odur ki, biz düşmənimizə qarşı birgə fəaliyyət göstərməliyik. Burada iqtidar-müxalifət söhbəti olmamlıdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə