Partiya sədri ABŞ-da Xocalıya ədalət istədi

Partiya sədri ABŞ-da Xocalıya ədalət istədi

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ-ın Missisipi ştatının Senat və Nümayəndələr Palatası, eləcə də digər dövlət orqanlarında Azərbaycan və Türkiyə nümayəndə heyətləri ilə birlikdə bir sıra mühüm görüşlər keçirib. SİA-nın verdiyi məlumata görə, Missisipi Senatında çıxış edən Asim Mollazadə Azərbaycanın regionda ABŞ-ın strateji müttəfiqi olduğunu, gələcəkdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycan şərqdə ilk demokratik respublika olub, söz azadlığı və qanunun aliliyi kimi ortaq dəyərləri bölüşdürüb. Senatda Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətləri dəstəkləyən 561 nömrəli qətnamə qəbul olunub. Senator Con Horn isə öz növbəsində ABŞ-Azərbaycan münasibətlərinin mühümlüyünü, bu görüşün Missisipi-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafına təkan verildiyini bildirib.

Daha sonra Missisipi ştatının Nümayəndələr Palatasında rəsmi görüşlər keçirilib. Asim Mollazadə Nümayəndələr Palatasında da çıxış edərək Ermənistanın Azərbaycana təcavüzündən, Xocalı faciəsinin 20-ci ildönümü barədə məlumat verib. O, "Xocalıya ədalət" şüarını səsləndirib və konqresmenlər bu çıxışı ayaq üstə alqışlayıblar. Nümayəndələr Palatasında Azərbaycanla bağlı 38 nömrəli qətnamə qəbul olunub. Missisipi ştatının dövlət katibi, cənab Delbert Hosemann və vitse-qubernatoru Teyt Rivis ilə görüşlər keçirilib, ikitərəfli münasibətlər müzakirə olunub.

Səfər çərçivəsində Amerikanın dövlət rəsmiləri, Missisipi ştatının dövlət katibi, senatorları və Nümayəndələr Palatasının üzvlərinin iştirakı ilə Türkiyə-Azərbaycan və Missisipi Biznes sammiti keçirilib. Sammitdə konqresmen Gregg Harper və dövlət katibi Delbert Hosemann da çıxış edərək, Azərbaycan-Türkiyə-ABŞ münasibətlərinin artan istiqamətdə inkişaf etdiyini böyük sevinc hissi ilə qarşılaşdığını bildiriblər.

Səfər zamanı TurkAz Şurasının dəstəyi ilə ziyafət keçirilib. Burada ABŞ dövlət rəsmiləri, konqresmen və senatorlar, eləcə də Azərbaycan-Türkiyə nümayəndə heyətinin üzvləri, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Hyuston-Bakı Qardaş Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova, diaspora fəalları da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə