Nəqliyyat Nazirliyi: “Bakının bütün yolları “Avroviziya” müsabiqəsinə qədər tam hazır olacaq”-MÜSAHİBƏ

Nəqliyyat Nazirliyi: “Bakının bütün yolları “Avroviziya” müsabiqəsinə qədər tam hazır olacaq”-MÜSAHİBƏ

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun SİA-ya müsahibəsi:

- Qar yağandan sonra paytaxt yollarında bir çox problemlər yaranıb. Ümumiyyətlə, yollardakı bu və ya digər problemlər "Avroviziya" müsabiqəsinə kimi tam olaraq həll olunacaqmı?

- Qar mövsümü başlayandan 24 saatlıq iş rejiminə keçmişik. Həmin vaxtdan başlayaraq yolların təmizlənməsi, qarla bağlı yaranan çala-çuxurlu yerlərə yamaqların vurulması, ümumiyyətlə yer örtüyünün normal hala gətirilməsi ilə bağlı işlər davam edir. Bizim elə işlərimiz var ki, "Avroviziya" müsabiqəsindən qabaq başlanılıb. O işləri də davam etdiririk. Müsabiqəyə qədər yolların ekzotik görünüşünü norrmal hala gətirməliyik. Bu işlərin içində yollara xətlərin çəkilməsi, müəyyən yerlərdə piyadalar üçün keçidlərin daha aydın göstərilməsi, tunellərdə işlərin aparlması, bəzi yarımçıq qalmış işlərin davam etdirilməsidir. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olan sovet maşınlarının may ayının 1-nədək tam olaraq yığışdırılması nəzərdə tutulub. Digər tərəfdən iri tonnajlı maşınlara bağlı reydlərə başlanılıb. Onların istər magistral, istərsə də digər yollarda hərəkətinə məhdudiyyətlər qoyulacaq. Qaydaları pozanlara cərimələr tətbiq olunur ki, bu cərimələrin məbləği dəfələrlə artırılıb. İşlər kifayət qədər çoxdur və biz bu işləri mütəmadi olaraq davam etdiririk.

- Bəzi yollarda görülən bəzi qazıntı işlərindən sonra onların üstü bağlanmır və bu da müəyyən problemlər yaradır. Bununla bağlı sizin mövqeyiniz necədir?

- Çox təəssüf ki, belə şeylər olur və bu bizim yaralı yerimizdir. Yollarda bəzi təşkilatlar qazıntı işləri həyat keçirir, amma sonradan qazıntının üstünü bağlamırlar. Bununla bağlı işlərlə yenə də Nəqliyyat Nazirliyi məşğul olur. Bununla bağlı biz müxtəlif təşkilatlarla yazışmalar da aparmışıq, hətta elə hallar olub ki, məhkəməyə də müraciət etmişik. Yəni, yolları bu cür dağıtmaq olmaz. Ancaq çox təəəsüf ki, bu bir nəticə vermir. Amma bütün bunlara baxmayaraq, nazirlik bütün qüvvəsini səfərbər edir və bu çatışmazlıqları aradan qaldırır.

- Təbii ki, müsabiqə ilə bağlı ölkəyə gələcək qonaqlar şəhərin gözəlliyi ilə tanış olmaq üçün yollardan istifadə edəcək. Bu vaxta kimi yol infrastrukturunda konkret hansı işlərin görülməsi nəzərdə tutulub?

- Bizim bir neçə istiqamətdə işlərimiz var ki, onlardan birincisi Dərnəgül yolunun genişləndirilməsidir. Sonra Xutor dairəsində işlər aparırıq, Əhməd Rəcəbli və Ziya Bünyadov küçələrinin kəsişməsində yol qovuşağının yekunlaşmasına çalışırıq. Ümumilikdə, işlər çoxdur və elə işlər var ki, \"Avroviziya\"dan əvvəl proqrama salmışdıq. Onu deyə bilərəm ki, Bakı şəhərinin Nəqliyyat Nazirliyinin balansında olan bütün küçələrində may ayına qədər böyük yeniliklər edəcəyik. İstər xarici görkəm baxımından, istərsə də keçid, yol qovşaqları, tunellərdə kosmetik işlər aparılacaq.

- Yarışmanın keçiriləcəyi may ayına qədər yolların tam hazır olacağını demək mümkündürmü?

- Bəzi yerlərdə bir neçə obyekt var ki, onun işlərini tam başa çatdırmaq mümkün olmayacaq. Çünki hər hir layihənin öz vaxtı var. Məsələn 2013-cü ildə başa çatdırılması nəzərdə tutulan layihəni bu il yekunlaşdıra bilmərik. O layihələr istisna olmaqla, may ayına kimi Bakının bütün yolları "Avroviziya" müsabiqəsinə qədər tam hazır olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə