Əli Həsənov: “Azərbaycana \"Eurovision\" mahnı müsabiqəsindən istifadə edib təzyiq göstərmək istəyirlər” - AÇIQLAMA
Rəsmi Bakı \"Eurovision 2012\" mahnı müsabiqəsi ilə bağlı evlərin sökülməsinə dair bəzi xarici KİV-lərdə gedən məlumatları təkzib edir. SİA-nın məlumatına görə, Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.
PA rəsmisi vurğulayıb ki, 57-ci \"Eurovision\" mahnı müsabiqəsi çərçivəsində Bakıda heç bir ev sökülməyib, nə hansısa insanların obyekti sökülməyib, nə də bununla bağlı köçürmə həyata keçirilməyib: \"Bakı şəhərində həyata keçirilən söküntülər, infrastrukturların yeniləşdirilməsi, yeni yollar, su, qaz layihələrinin əksəriyyəti Bakı şəhərinin baş planına müvafiq şəkildə, qanunlar çərçivəsində, əvvəlcədən müəyyən olunmuş marşrutlar üzrə və həmin marşrutlara düşən evlərə görə insanlara kompensasiyaların ödənilməsi vasitəsilə həyata keçirilir. Bunun nə \"Eurovision\"a, nə də \"Eurovision\"un keçiriləcəyi yerin abadlaşdırılmasına aidiyyəti var".
Ə.Həsənov qeyd edib ki, bu kimi fikirləri səsləndirənlər Azərbaycana \"Eurovision\" mahnı müsabiqəsindən istifadə edib təzyiq göstərmək istəyirlər, bəzi dairələr özlərinin bu və ya digər ambisiyalarını, o cümlədən Azərbaycan dövlətinə, onun enerji və digər sahələrdə həyata keçirdiyi siyasətə təzyiq, təsir vasitəsi kimi istifadə etmək sahəsindəki ambisiyalarını \"Eurovision\"a bağlamaq istəyirlər. Biz bunu birmənalı şəkildə pisləyirik. Biz Avropa musiqi müsabiqəsini layiqli səviyyədə keçirəcəyik və bunun da Azərbaycanda nə hansısa söküntüyə, nə Bakı şəhərinin abadlaşdırılmasına, nə də digər layihələrə heç bir aidiyyəti yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB