“Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir” mövzusunda dəyirmi masa keçirilib
"Bu gün ermənilər öz uydurma "soyqırım" larını qəbul etdirmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Amma bizim müsibətli Xocalı Soyqırım faktımız göz görə-görə unudulub gedir". SİA xəbər verir ki, bu sözlər "Azərbaycanda Miqrant və Məcburi köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin (AMMKHM) "Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir" mövzusunda keçirdiyi dəyirmi masa zamanı səslənib.
Bildirilib ki, İctimai Birlik Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına yardım Assosasiyası ilə birlikdə Azərbaycan, rus və ingilis dillərində işğala məruz qalmış torpaqlarımızla bağlı bir çox mətbular dərc etdirib ki, bunların da içində "Xocalı soyqırımı (sənədlərdə, faktlarda və xarici mətbuatda)", "Xocalı soyqırımı – milyon imza, bir sənəd" kitablarının nəşri və dünyaya çatdırılmasıdır.
Toplantı zamanı diqqətə çatdırılıb ki, tarixdə analoqu olmayan qəddarlıq və vəhşiliklə müşayiət olunan bu soyqırım XX əsrin sonlarında bütün dünyanın gözü qarşısında baş verib. Lakin çox təəssüf ki, keçən 20 il ərzində bu faciəyə biganə qalan dünyanın bir çox ölkəsi uydurma "erməni soyqırmını" tanıyıb.
Dəyirmi masada çıxış edən "Qarabağın səsi" qəzetinin baş redaktoru Qədir Nəsirov erməni yazıçılarının Xocalı faciəsini törətmək faktını öz yazılarında etiraf etmələrini söylərək bildirib ki, onlar hətta öz yazıraında azərbaycanlıları murdar monqollar adlandırıblar.
İnsan Hüquqları üzrə İctimai Şuranın sədri Ənvər Qafarlı Xocalı faciəsinin dünayaya tanıdılması və soyqırım kimi qəbul edilməsi istiqamətində aparılan işlərin zəifliyindən danışıb. Xocalı Soyqırmını Kərbəla çölündəki müsibətdən də dəhşətli hadisə adlandıran Ə. Qafarlı qeyd edib ki, Azərbaycan işğal altında olan torpaqlarını özü geri qaytarmalı, Xocalı faciəsinin Soyqırım kimi tanınmasına nail olmaldır.
Toplantı zamanı qeyd olunub ki, İctimai birlik Azərbaycan torpaqlarının işğal edilməsi faktını dünyaya çatdırmaq istiqamətində bir sıra addımlar atıb və bu kimi tədbirləri müntəzəm olaraq davam etdrəcəkdir.
Dəyirmi masanın sonunda Azərbaycanda Miqrant və Məcburi köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi (AMMKHM) BMT, ATƏT, AŞ, eləcə də dünya dövlətlərinin parlament və hökumətlərinə müraciət ünvamlayaraq onları Xocalı Soyqırımını tanımağa və pisləməyə, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli nizamlanması üçün mümükün olan hər şeyi etməyə çağırıb.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB